news-details
Xəbərlər

"World Masters”: Azərbaycan iki medalla 8-ci oldu

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə "World Masters” turnirinin son yarış günündə iki cüdoçumuz gümüş medal qazanıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev ilk 3 görüşündə Ramazan Dərviş (Misir), Quham Ço (Cənubi Koreya) və Şadi Elnahası (Kanada) məğlub edib.

Yarımfinalda isə Kotsoyev Simeon Katharinanı (Niderland) mübarizədən kənarlaşdıraraq həlledici görüşə vəsiqə qazanıb. Finalda Gürcüstan təmsilçisi Varlam Lipartelianiyə uduzan Kotsoyev gümüş medalla kifayətlənib.

Eyni çəkidəki Elmar Qasımov Rafael Buzakariniyə (Braziliya) qalib gəlsə də, Peter Paltçikin (İsrail) müqavimətini qıra bilməyib.

Qadınların yarışında 78 kq-dan yuxarı çəki dərəcəsində İrina Kindzerska yarışa 1/8 finaldan qoşulub. Jasmin Qrabovski (Almaniya) ilə Hayun Kimdən (Cənubi Koreya) güclü olan təmsilçimiz yarımfinalda kamerunlu Hortens Vanessa Mballa Atanqananı məğlub edib. İdmançımız finalda fransalı Romana Dikkonu görüşüb və rəqibinə ipponla uduzub.

"World Masters”də 7 idmançı ilə təmsil olunan Azərbaycan turniri 2 gümüş medalla başa vurub. Ölkəmiz medal sayına görə 69 ölkə arasında 8-ci yeri tutub. İlk pillədə 7 medalla (5 qızıl, 1 gümüş, 1 bürünc) Fransa qərarlaşıb. 3 qızıl medal qazanan Cənubi Koreya ikinci, 2 qızıl, 5 gümüş medal əldə edən Yaponiya isə üçüncü olub.

Digər xəbərlər