Cümə 19.04.2024

AMADA-nın direktoru WADA-nın ekspert məsləhətçi qrupuna üzv seçilib

AMADA-nın direktoru WADA-nın ekspert məsləhətçi qrupuna üzv seçilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin (WADA) Milli Antidopinq Təşkilatları üzrə (NADO EAG) yeni yaradılmış ekspert məsləhətçi qrupunun üzvü seçilib.

AMADA-dan verilən məlumata görə, 10 nəfərdən ibarət ekspert məsləhətçi qrupunda Azərbaycan da daxil olmaqla 9 ölkənin (Norveç, Peru, İsveç, Tunis, Kanada, Böyük Britaniya, Fransa, Çin) və bir beynəlxalq təşkilatın (İNADO) nümayəndəsi təmsil olunur.

Yeni yaradılan qrupun məqsədi WADA-ya bütün Milli Antidopinq Təşkilatlarının qısa və uzunmüddətli inkişaf proqramları üzrə ekspert məsləhət, tövsiyə və təlimatları verməkdir.

Qeyd edək ki, 2021-ci ildə yeni Ümumdünya Antidopinq Məcəlləsinin və beynəlxalq standartların qüvvəyə minməsi ilə paralel olaraq, Agentliyin özündə də rəhbər, işçi və ekspert qurumları ilə bağlı bəzi struktur dəyişiklikləri edilib. Bu dəyişikliklərdən biri də bəzi məsləhətçi qrupların ekspert qruplarına çevrilməsidir. Dəyişikliklərə əsasən, yeni yaradılan qrupların WADA İcraiyyə Komitəsi və Təsisçilər Şurasının baxdığı məsələlərə ekspert məsləhətləri verməsi təmin edilib.