Cümə 29.03.2024

Çempionlar Turu: Teymur Rəcəbov üçüncü oldu

Çempionlar Turu: Teymur Rəcəbov üçüncü oldu

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsinə yekun vurulub.

Turnirin həlledici görüşündə Karlsen ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. İlk oyun günündə 2:2 hesabı qeydə alınıb. İkinci gün isə So üstün olub - 2,5:1,5.

Beləliklə, Uesli So "Opera Euro Rapid"in qalibi olub. O, ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnirdən 30 min dollar əldə edib.

Üçüncü yeri azərbaycanlı qrossmeyster Teymur Rəcəbov tutub. O, fransalı Maksim Vaşye-Laqravı hər iki gündə məğlubiyyətə uğradıb - 2,5:1,5, 2:0. Rəcəbov 8500 dollar pul mükafatına sahib olub.

Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmuşdu.