Cümə axşamı 18.04.2024

"Liverpul" 1/4 finalda, "Barselona" Çempionlar Liqası ilə vidalaşdı

"Liverpul" 1/4 finalda, "Barselona" Çempionlar Liqası ilə vidalaşdı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.

"Liverpul" ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi "Leyptsiq"i pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da qəbul edib. Komandalar arasında birinci görüş də bu stadionda təşkil edilmişdi. Cavab matçında da eyni hesabla qalib gələn ingilislər mərhələ adlayıb.

Digər matçda isə PSJ Fransada "Barselona" ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini ilk dueldə 4:1 hesabı ilə məğlub edən Paris təmsilçisi ikinci qarşılaşmada 1:1 hesablı heç-heçə edib və 1/4 finala yüksəlib.

1/4 finalın iki iştirakçısı artıq məlumdur. Almaniyanın "Borussiya" (Dortmund) və Portuqaliyanın "Portu" klubları növbəti raunda vəsiqə qazanıblar. 1/8 finalın digər 4 matçı isə 16 - 17 martda olacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab görüşləri

10 mart

“Liverpul” (İngiltərə) – “Leyptsiq” (Almaniya) - 2:0
Qollar: Salah, 71. Mane, 74.
Budapeşt, “Puşkaş Arena”. Baş hakim Kleman Tyurpen (Fransa)
İlk oyun - 2:0

PSJ (Fransa) – “Barselona” (İspaniya) - 1:1
Qollar: Mbappe, 31-pen - Messi, 37.
Paris, “Park-de-Prens”. Baş hakim Entoni Teylor (İngiltərə)
İlk oyun - 4:1