Cümə 26.04.2024

Çempionlar Turu: Məmmədyarov və Rəcəbovdan uğurlu start

Çempionlar Turu: Məmmədyarov və Rəcəbovdan uğurlu start

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsində ilk yarış günü geridə qalıb.

Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Magnus Carlsen Invitational” adlanan turnirə uğurlu start veriblər.

İlk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edən Məmmədyarov növbəti 2 partiyada rusiyalı Daniil Dubov və ABŞ şahmatçısı Hikaru Nakamura ilə heç-heçəyə razılaşıb. 4-cü turda niderlandlı Yorden van Forestə qalib gələn Şəhriyar son oyunda Maksim Vaşye-Laqrava (Fransa) uduzub.

Teymur isə ilk 4 görüşünü bərabərliklə başa vurub. Rəcəbov müvafiq olaraq, Aniş Giri (Niderland), Alan Piçot (Argentina), Uesli So (ABŞ) və Levon Aronyanla heç-heçə edib. O, son qarşılaşmada Dubov üzərində qələbəyə sevinib.

5 turdan sonra hərəyə 3 xal toplayan Məmmədyarov və Rəcəbov Vaşye-Laqrav, Dubov və Nakamura ilə birlikdə 4-8-ci yerləri bölüşdürür. İlk pillədə isə 4 xalla Aniş Giri qərarlaşıb.

Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.