Çərşənbə 24.04.2024

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizəni dayandırdı

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizəni dayandırdı

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirində 1/4 finala vəsiqə qazanan şahmatçıların adları müəyyənləşib.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov turnirdə çıxışlarını başa vurublar.

Teymur XI turda qara fiqurlarla ispaniyalı David Antonu məğlub edib. 34 yaşlı qrossmeyster XII turda "ağlar"la isveçli Nils Qrandeliusla qarşılaşıb və xalı yarı bölüb. XIII turda qara fiqurlarla Məmmədyarova qarşı mübarizə aparan Rəcəbov heç-heçəyə razılaşıb. Teymur son iki turda rusiyalı Yan Nepomnyaşi ilə xalı yarı bölüb, rusiyalı Serqey Karyakinə isə məğlub olub. Şahmatçımız, nəticədə 7 xalla 10-cu olub.

Məmmədyarov XI turda ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşiyə uduzsa da, XII turda "qaralar"la onun həmyerlisi Sergey Karyakinə qalib gəlib. Son iki turda Argentina şahmatçısı Alan Piçot və amerikalı Uesli So ilə oyunlarında heç-heçə edən Şəhriyar Məmmədyarov yekun nəticəyə görə, 6,5 xalla 11-ci yerdə qərarlaşıb.

Beləliklə, norveçli Maqnus Karlsen, niderlandlı Aniş Giri, amerikalı şahmatçılar Uesli So, Hikaru Nakamura, Yan Nepomnyaşi, FİDE təmsilçisi Alireza Firuzca, fransalı Maksim Vaşye-Laqrav və ermənistanlı Levon Aronyan pley-offa vəsiqə qazanıblar.

Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Turnir martın 21-dək davam edəcək.

Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.