Çərşənbə axşamı 23.04.2024

Canni de Byazi: “Necə hazırlaşdığımızı sabahkı oyunda görəcəyik”

Canni de Byazi: “Necə hazırlaşdığımızı sabahkı oyunda görəcəyik”

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya - Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və komandanın üzvü Mahir Emreli fikirlərini bildiriblər:

Canni De Byazi: “İlk oyunumuz qrupun güclü komandasına qarşı olacaq. Yaxşı, gənc futbolçulardan təşkil olunmuş komandamız var. Hər biri keyfiyyətli, bizim üçün dəyərli oyunçulardır. Daha çox birlikdə oynamalıyıq. Bizə vaxt lazımdır. Rəqib isə daha təcrübəli komandadır. Məşqlərdə üzərində çalışdıqlarımızı meydanda yerinə yetirməklə ilk xalımızı qazanmağa çalışacağıq. Portuqaliya yığması ilə oyunda onlara boşluq verməməliyik. Onların nəyə qadir olduqlarını bilirik. Oyunda passiv olmamalıyıq, qorxmamalıyıq. Bizim üçün çox çətin imtahan olacaq. Meydanda istədiyimizi reallaşdırsaq, yaxşı oyun nümayiş etdirə bilərik. Sabah Ronaldonun “evində” oynayacağıq. Taktiki baxımdan maraqlı oyun olacaq. Necə hazırlaşdığımızı sabahkı oyunda görəcəyik”.

Mahir Emreli: “Rəqibi tanıyırıq, Avropa çempionu olub. Kağız üzərində oyunun favoriti Portuqaliya yığmasıdır. Futbolçuları haqda əlavə sözə ehtiyac yoxdur. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Bütün bacarığımızı ortaya qoyacağıq”.