Şənbə 20.04.2024

Canni de Byazi: "Qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil"

Canni de Byazi: "Qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil"

Qətər - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və komandanın üzvü Emil Balayev bunları söyləyib:

Canni De Byazi: “Qətər yığmasının son oyununu izləsək də, komanda haqda geniş məlumatımız yoxdur. Lüksemburq komandasına qarşı keçirdiyi oyuna əsasən deyə bilərəm ki, fiziki cəhətdən güclü komandadır. Xüsusilə, irəli xətdə yer alan hücumçuları qeyd edə bilərəm. Serbiya ilə oyunöncəsi bizim üçün vacib test olacaq. Portuqaliya qarşılaşmasından sonra bu oyun komandamızın inkişaf etməsinə daha çox kömək edəcək. Qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil. Portuqaliya ilə oyundan öncə futbolçulara qələbə qazanmaq istədiyimi bildirdim. Bununla belə, ilk hissə ilə müqayisədə, ikinci hissədə meydanda tam fərqli oyun nümayiş etdirməyi bacardıq. Sabahkı oyunda bəzi digər oyunçulara şans verə bilərəm. 30 nəfərlik geniş heyətə malikik və bütün oyunçular tam hazırdır”.

Emil Balayev: “Çətin bir komandaya qarşı oynayacağıq. Qətər millisi həm fiziki, həm də taktii cəhətdən yaxşı komandadır. Xeyli müddətdir eyni məşqçinin rəhbərliyi altında çıxış edirlər. Portuqaliya ilə müqayisədə Qətər millisinin oyun üslübü haqda az informasiyaya malikik. Bu da oyun ərzində bizə müəyyən çətinliklər yarada bilər. Hər halda, yaxşı nəticə qazanmaq üçün baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışacağıq”.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.