Cümə 19.04.2024

Canni de Byazi: "Bizi ağır oyun gözləyir"

Canni de Byazi: "Bizi ağır oyun gözləyir"

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan – Serbiya oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və komandanın üzvü Emin Mahmudov fikirlərini bildirib:

Canni De Byazi: “İki səfər matçından sonra sabah Bakıda ilk oyunumuza çıxacağıq. Ötən iki matçda bəzi keyfiyyətlərimizi göstərə bildik. Çatışmayan cəhətlərimiz var. Bunları yaxşılaşdırmalıyıq. Serbiya millisi fiziki və texniki cəhətdən güclü komandadır. Heyətində yer alan futbolçuların 95 faizi ölkə xaricində oynayır. Böyük təcrübələri var. Sabah güclü komandaya qarşı oynayacağıq. Təəssüf ki, bizim oyunçularımızda bu təcrübə yoxdur. Bu da iki komanda arasında fərq yaradır. Hamımızın məqsədi qələbə qazanmaq və azarkeşləri sevindirməkdir. Bizi ağır oyun gözləyir. Emin Mahmudov koronavirusla bağlı çətin dövr keçirdi. Böyük təcrübəyə malik futbolçudur və hazırda əla formadadır. Seçmə mərhələdən əvvəl onunla ayrıca görüşüb danışmışam. Onun haqda fərqli fikirdə idim, amma görüşdən sonra fikrim dəyişdi. Ağıllı, ölkəsinə, vətəninə sadiq insandır”.

Emin Mahmudov: “Serbiya çox çətin rəqibdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək. Qələbə qazanmağa çalışacağıq. Əsas komandanın kollektiv şəkildə çıxış etməsidir. Etiraf etmək lazımdır ki, bizim səviyyə onlardan üstün deyil. Hamı bilir ki, Serbiya yığmasının üzvləri daha üstündürlər. Oyun ərzində bir saniyə konsentrasiyanı itirsək, qol vura bilərlər. Daha çox topla oynamağa çalışmalıyıq. Mən də əlimdən gələnin maksimumunu etməyə, milliyə xeyir verməyə çalışacağam”.