Çərşənbə axşamı 23.04.2024

"Neftçi" III dövrənin ən yaxşısı oldu, "Sumqayıt" 100-cü qələbəsini qazandı

"Neftçi" III dövrənin ən yaxşısı oldu, "Sumqayıt" 100-cü qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında III dövrə başa çatıb. Dövrənin 28 oyununda 59 qol vurulub. Qarşılaşmalardan 16-da qalib müəyyənləşibsə, 12 heç-heçə qeydə alınıb.

Dövrənin ən yaxşısı “Neftçi” olub. Paytaxt təmsilçisi qələbə, vurulan qol və xal sayında hamını qabaqlayıb. Ən az qol buraxan və top fərqində ən yaxşı olan “Qarabağ” ikincidir. “Sumqayıt”la “Zirə” də ağdamlılar kimi yalnız bir dəfə uduzub.
Dövrə ərzində qələbəsi olmayan yeganə klub “Keşlə” qapısında ən çox qol görən komandadır.

Peşəkar Futbol Liqasının verdiyi məlumata görə, “Sumqayıt” tarixində 100-cü qələbəsini qazanıb. Bu yubiley Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib. Səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən komanda 347-ci matçında 100-cü dəfə qalib gəlib. Digər oyunlarda 89 heç-heçə edən sumqayıtlılar 158 dəfə uduzub.

2010-cu ildə yaradılan klub indiyədək Premyer Liqada 77, Azərbaycan kubokunda 10, Birinci divizionda 13 dəfə qələbə qazanıb. “Sumqayıt”ın ilk qələbəsi də aşağı dəstəyə təsadüf edib. 2010/11 mövsümündə “Sumqayıt Şəhər” adı ilə çıxış edən debütant ilk qələbəsini 2010-cu il oktyabrın 2-də qazanıb. Həmin gün “Gənclik şəhəri” təmsilçisi evdə “Karvan”ı bir qolla məğlub edib.