Şənbə 27.04.2024

Çempionlar turu: Məmmədyarov və Rəcəbov 1/4 finalda

Çempionlar turu: Məmmədyarov və Rəcəbov 1/4 finalda

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində qrup mərhələsinin oyunları başa çatıb.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qrup oyunlarında ən yaxşı nəticə göstərən 8 şahmatçı arasında yer alaraq 1/4 finala vəsiqə qazanıblar. Şəhriyar Məmmədyarov son 5 turda 3 qələbə, 2 heç-heçə ilə ümumi xalların sayını 9,5-ə çatdıraraq 3-cü pillədə qərarlaşıb.

Teymur Rəcəbov isə son 5 partiyanı heç-heçə ilə başa çatdırıb, nəticədə 8,5 xalla 8-ci sırada yer alıb.

Azərbaycan təmsilçiləri ilə yanaşı, Maqnus Karlsen, Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Levon Aronyan, Alireza Firuzca (FIDE) və Le Kuanq Lyem (Vyetnam) də 1/4 finala adlayıblar. Bu mərhələdə Rəcəbov Karlsenlə, Məmmədyarov isə Firuzca ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir mayın 2-dək davam edəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.