news-details
Xəbərlər

Azərbaycan Kuboku: 29 ildə 29-cu dəfə

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ” – “Sumqayıt” cütünün taleyi penaltilər seriyasında həll olunub. Hər iki görüşü 0:0 hesabı ilə başa çatan duelin “lotereya”sında sumqayıtlılar üstün olub – 5:4. Bu, təkcə cari mövsüm deyil, son 4 turnirdə ilk belə hadisədir.

Azərbaycan kubokunda sonuncu dəfə penaltilər seriyası 2016/17 mövsümünə təsadüf edib. 2016-cı il dekabrın 3-də Qəbələdə eyniadlı komanda “Zaqatala” ilə 1/8 final matçında 120 dəqiqədə qalib gələ bilməyib – 2:2. Penaltilərdə daha dəqiq olan “Qəbələ” 1608 gün öncəki görüşdə 4:1 hesabı ilə üstün olub.

Peşəkar Futbol Liqasının verdiyi xəbərə görə, ümumiyyətlə, “Qarabağ” – “Sumqayıt” qarşılaşması turnirin 29 illik tarixində 29-cu penaltilər seriyasıdır. Tarixində 4-cü dəfə ölkə kubokunda 11 metrlik zərbələri vuran Ağdam təmsilçisi ardıcıl 3-cü dəfə uğursuzluqla üzləşib. 1999/2000 mövsümündə “Turan”a qalib gələn (0:1, 1:0, pen.5:4), “Qarabağ” 2010/11 mövsümündə eyni rəqibə (0:0, pen. 3:4), 2011/12 mövsümündə isə “Bakı”ya (1:0, 0:1, pen.4:5) uduzub. İlk iki seriya 1/8, sonuncu isə indiki kimi 1/2 finala təsadüf edib. Sumqayıtın eyniadlı təmsilçisi isə ikinci belə cəhdində ilk dəfə mərhələ adlayıb. “Sumqayıt” 2014/15 mövsümündə “Bakı” səddini keçə bilməyib. 1/8 final oyunu qolsuz bitsə də, paytaxt təmsilçisi sonda 4:3 hesabına sevinib.

Digər xəbərlər