Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.
"Neftçi" "Keşlə"nin qonağı olub. Komandalar indiyədək çempionatda 65 dəfə üz-üzə gəliblər. Bunların 15-də "Keşlə", 35-də isə "Neftçi" qələbə qazanıb. Budəfəki görüşdə "ağ-qaralar" rəqibini 3 cavabsız qolla üstələyib. Keysuke Honda Azərbaycan Premyer Liqasında ilk qolunu vurub.
Günün ikinci oyununda autsayder "Səbail" "Qəbələ"ni qəbul edib. Bu, komandaların Premyer Liqadakı 15-ci matçı olub. Əvvəlki 14 oyunun 3-də paytaxt klubu, 6-da əyalət təmsilçisi meydanı 3 xalla tərk etmişdi. Bugünkü matçın taleyini bir qol həll edib. Amil Yunanov keçmiş komandasını məyus edərək, paytaxt təmsilçisinə qələbə qazandırıb.
Turun "Sumqayıt" - "Sabah" və "Qarabağ" - "Zirə" oyunları mayın 4-də keçiriləcək.
Azərbaycan Premyer Liqası, XXV tur
3 may (bazar ertəsi)
“Keşlə” – “Neftçi” - 0:3
Qollar: T.Quliyev, 38 (avtoqol), K.Honda, 74. E.Mahmudov, 90+2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”
“Səbail” – “Qəbələ” - 1:0
Qol: A.Yunanov, 62
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”