Cümə 29.03.2024

Millimiz beynəlxalq turnirə qələbə ilə başladı

Millimiz  beynəlxalq turnirə qələbə ilə başladı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukrayna Futbol Federasiyasının Kiyev şəhərində təşkil etdiyi, Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bu gün ilk oyununu keçirib.

Ukrayna yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə qələbə qazanıb. U-21-in heyətində 17-ci dəqiqədə Musa Qurbanlı fərqlənib. Millimiz turnirdə növbəti və sonuncu oyununu sabah Özbəkistan yığmasına qarşı keçirəcək.

Oyundan sonra 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Milan Obradoviç AFFA-nın saytına açıqlama verib:

“Qələbə münasibətilə komandanın bütün üzvlərini – futbolçuları və məşqçi heyətini təbrik edirəm. Bu qələbədə hər birinin özünəməxsus payı var. Biz uğur qazanmaq üçün birlikdə çalışırıq. Asan oyun olmadı. Heç də asan qələbə deyildi. Ukrayna milli komandasını öz meydanında məğlub etmək yaxşı nəticədir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu gün rəqibimizin heyətində Ukraynanın U-19 millisi ilə Dünya çempionatında iştirak edən bir neçə futbolçu yer almışdı.

İlk hissədə çox yaxşı oynadıq. Topa ümumi nəzarət bizim tərəfimizdə idi. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. İlk 20-25 dəqiqədə oyunun nəzarəti tam bizim əlimizdə idi. Həmin müddət ərzində qol vurmağı da bacardıq və bir çox təhlükəli epizod yaratdıq. Hücumda yaxşı oynamaqla yanaşı, müdafiəni də yaddan çıxarmadıq. Bilirdik ki, Ukrayna yığması kəsərli hücumlar qurmağa cəhd edəcək. Çünki bu komanda yaxşı hücum qurmağı bacaran komandadır. Bununla belə, müdafiə xəttində diqqətli oynamağımız rəqibin hücumlarını zərərsizləşdirdi.

İkinci hissədə bizim istəyimizlə oyunun ssenarisi bir qədər dəyişdi. Oyun planımızda dəyişiklik elədik. Qeyd etdiyim kimi, hesabda irəlidə olduğumuz üçün Ukrayna millisinin daha çox hücumlar təşkil edəcəyini bilirdik. Belə də oldu, amma oyunun sonundək hesabı qoruyub saxlamağı bacardıq. Qələbə bizim üçün hər nə qədər vacib olsa da, demək olar ki, bu gün heyətdə olan bütün futbolçuların xidmətindən yararlandıq. Qarşıda daha bir oyunumuz var. Sabah Özbəkistan millisi ilə qarşılaşacağıq. Bizimlə müqayisədə, Özbəkistan komandası daha gümrah olacaq. Çünki bu gün oyun keçirməyiblər, yalnız oyunöncəsi məşq ediblər.

Təbii ki, bütün bu amillər oyun planında müəyyən dəyişiliklər etməyimizə gətirib çıxaracaq. Ukrayna millisinə qarşı daha az oynamış futbolçulara şans verəcəyik. Rəqibin gücündən asılı olmayaraq, qarşımızda bir məqsəd var: Oyundan oyuna inkişaf etmək istəyirik. Təbii ki, bunu ağıllı oyun sayəsində gerçəklədirmək niyyətindəyik. İki gün ardıcıl oynamaq çətin olsa belə, turniri qələbə ilə başa vurmaq, kuboku qazanmaq istəyirik”.