news-details
Xəbərlər

Həvəskar döyüşçülər üçün “IFL Grand Prix” turniri

Beynəlxalq Döyüş Liqası (IFL - “International Fighting League”) və Azərbaycan MMA Federasiyası həvəskar döyüşçülər üçün qarışıq döyüş növləri üzrə “IFL Grand Prix” turnirini elan edib.

Layihənin keçirilməsində məqsəd həvəskar və potensiallı döyüşçülər üçün meydan yaratmaq, eyni zamanda, onlara mənəvi və peşəkar dəstək göstərməkdir.

Yalnız 32 döyüşçünün iştirak edə biləcəyi turnir olimpiya sistemi əsasında keçiriləcək. Döyüşlər 1/16, 1/8, 1/4, 1/2 və final döyüşündən ibarətdir.

“IFL Grand Prix”də iştirak edəcək 32 döyüşçüdən yalnız 1 nəfər qalib olacaq. Qalib Beynəlxalq Döyüş Liqası ilə müqavilə bağlayacaq.
Qalibə eyni zamanda təşkilatçılar tərəfindən pul mükafatı və digər dəyərli hədiyyələr təqdim olunacaq.

“IFL Grand Prix”də iştirak üçün qeydiyyata start verilib. Qeydiyyat iyulun 8-dək davam edəcək.

Özünə, döyüşünə güvənən və yüngül çəki dərəcəsində (66-70 kq) təmsil olunan həvəskar döyüşçülər www.grandprix.ifl.az saytında qeydiyyatdan keçərək, mübarizəyə qoşulmaq şansı əldə edə bilərlər. İştirakçıların seçimi Təşkilat Komitəsi tərəfindən aparılacaq.

Qeyd edək ki, “IFL Grand Prix” turniri IFL təşkilatının təşəbbüsü və “SMG” şirkətinin təşkilatçılığı ilə həyata keçirilir. Turnirin yayım dəstəkçisi isə “CBC Sport” kanalıdır.

Mövcud pandemiya vəziyyəti ilə əlaqədar karantin rejimini nəzərə alaraq avqust ayında təşkil olunacaq turnirin tamaşaçısız keçirilməsi planlaşdırılır.

Digər xəbərlər