Cümə axşamı 25.04.2024

AVRO-2020-də finalçılar müəyyənləşdi

AVRO-2020-də finalçılar müəyyənləşdi

Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub. İkinci finalçının adına İngiltərə və Danimarka yığmalarının görüşündə aydınlıq gəlib.

Londondakı "Uembli" stadionunda oynanılan qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından, əlavə vaxt oynanılıb. 104-cü dəqiqədə İniltərə millisinin kapitanı Harri Keynin yerinə yetirdiyi penalti zərbəsini Kasper Şmeyhel qaytarsa da, özünü topa hamıdan tez çatdıran hücumçu komandasının qələbə qolunu vurub.

Beləliklə, ingilislər tarixində ilk dəfə Avropa çempionatının finalına vəsiqə qazanıblar. Onların həlledici oyundakı rəqibi İtaliya yığması olacaq.

Final qarşılaşması iyulun 11-də "Uembli" stadionunda təşkil ediləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AVRO-2020, yarımfinal

7 iyul

İngiltərə – Danimarka - 2:1
Qollar: S.Kyaer, 39 (avtoqol), H.Keyn, 104 – M.Damsqaard, 30.
Baş hakim: Danni Makkeli (Niderland).
London. “Uembli” stadionu.