Şənbə 20.04.2024

Tokio-2020: 44 idmançımızdan 8-i olimpiada ilə vidalaşdı

Tokio-2020: 44 idmançımızdan 8-i olimpiada ilə vidalaşdı

Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Yaponiyaya yollanan 44 təmsilçimizdən 10-u yarışa qoşulub.

Cüdoçulardan Kəramət Hüseynov (60 kq) mübarizəyə böyük britaniyalı Eşli Makkenzi üzərində qələbə ilə başlasa da, 1/8 finalda gürcüstanlı Luxumi Çxvimianiyə uduzaraq, mübarizəni dayandırıb. Aişə Qurbanlı (48 kq) isə elə ilk görüşdə portuqaliyalı Katarina Koştaya məğlub olub və yarışla vidalaşıb.

Boksçulardan Tayfur Əliyev (57 kq) vyetnamlı Nquyen van Duonqa, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Lorenzo Sotomayor (69 kq) isə gürcüstanlı Əsgərxan Madiyevə uduzub. Yalnız Məhəmməd Abdullayev (+91 kq) 1/16 final görüşündən qalib ayrılmağı bacarıb. O, bəhreynli Denis Latıpovu məğlub edərək iyulun 29-da keçiriləcək 1/8 final görüşündə özbəkistanlı dünya və 3 qat Asiya çempionu Baxodir Jalolova rəqib olub.

Kişi üzgüçümüz Maksim Şemberev 400 metr məsafəyə qarışıq üzmədə 4 dəqiqə 19,40 saniyə nəticə ilə 26-cı, qadın üzgüçü Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflayda 1 dəqiqə 1,37 saniyə göstərici ilə 30-cu olub. Nəticədə onlar növbəti mərhələyə yüksələ bilməyiblər.

Şosse velosipedi üzrə yarışda təmsilçimiz Elçin Əsədov finişə 108 km qalmış mübarizəni dayandırıb.

İdman gimnastı İvan Tixonov təsnifat mərhələsində ayrı-ayrı hərəkətlərin yekununda 80.298 xalla 45-ci yeri tutub. Tixonov fərdi çoxnövçülükdə "24-lüy"ə, fərdi hərəkətlərdə isə "8-liy"ə düşə bilmədiyi üçün final mərhələsindən kənarda qalıb.

Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının təsnifat mərhələsini 547 xalla 20-ci yerdə başa vurub və finala çıxa bilməyib. Lunyov 25 metr məsafəyə atəş açma yarışında da çıxış edəcək.

Beləliklə, Azərbaycan idmançılarından 8-i olimpiada ilə vidalaşıb.

Bu gün 7 idman növü üzrə 11 dəst medal sahibini tapıb. Çin 3 qızıl, 1 gümüş və 4 bürünc medalla birinci pillədə qərarlaşıb. İtaliya və Yaponiya isə hərəyə 1 qızıl və 1 gümüş medalla sonrakı iki yeri bölüşürlər.