news-details
Xəbərlər

Tokio-2020: karateçimiz medal şansını itirdi, sərbəst güləşçimiz 1/4 finalda məğlub oldu

Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sərbəst güləşdə 74 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla üz-üzə gəlib. Rəqibinə 4:2 hesabı ilə qalib gələn Bayramov 1/4 finala yüksəlib. Təmsilçimiz bu raundda 2 qat dünya, 4 qat Avropa çempionu və Olimpiadanın bürünc medalçısı, italiyalı Frank Çamizoya 1:3 hesabı ilə məğlub olub. Çamizo finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi sabah təsəlliverici görüşə qatılacaq.

Karate yarışlarında ölkəmizi 67 kq çəki dərəcəsində təmsil edən Firdovsi Fərzəliyev A qrupunda ilk döyüşündə Türkiyə idmançısı Eray Şamdanla üz-üzə gəlib. Fərzəliyev rəqibinə 1:7 hesabı ilə məğlub olub. Karateçimiz növbəti görüşünü yaponiyalı Naoto Saqoya qarşı keçirib. Təmsilçimiz rəqibini 1:0 hesabı ilə üstələyib. O, üçüncü görüşündə qazaxıstanlı Darxan Assadılovla mübarizədən məğlub ayrılıb – 2:6. Firdovsi A qrupunda sonuncu döyüşünü misirli Əli Elsaviyə qarşı keçirib. Karateçimiz bu qarşılaşmada 0:1 hesabı ilə uduzub.

Birinci və üçüncü görüşdə də məğlub olan Fərzəliyev qrupda sonuncu olub və medal qazanmaq şansını itirib.

A və B qruplarında ilk iki yeri tutan karateçilər yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı təmin edir.

Digər xəbərlər