Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. İclasda Premyer Liqanın VIII turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.
“Keşlə” – “Sabah” görüşü başa çatdıqdan sonra qonaqların müdafiəçisi Təmkin Xəlilzadə hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Futbolçuya verilmiş 5 matçlıq cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində Xəlilzadə yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək. Qarşılaşmanın 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan “Sabah”ın digər müdafiəçisi Filip İvanoviçə 1 oyunluq cəza kəsilib, klubu 200 manat cərimələnib.
“Qəbələ” – “Qarabağ” matçında 6 futbolçusu sarı vərəqə alan “Qəbələ” 800 manat cərimələnib.
"Səbail”lə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 800 manat ziyana düşüb.
“Neftçi” – “Zirə” oyununda isə 6 futbolçusu sarı vərəqə alan “Zirə” eyni məbləğdə cərimələnib.