Çərşənbə 24.04.2024

Elxan Məmmədov Premyer Liqada VAR-ın tətbiq olunacağı vaxtı açıqladı

Elxan Məmmədov Premyer Liqada VAR-ın tətbiq olunacağı vaxtı açıqladı

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə keçiriləcək oyunları idarə edəcək referi və referi köməkçiləri ilə görüş keçirib.

AFFA-dan verilən məlumata görə, Hakimlər Komitəsinin üzvlərinin də iştirak etdiyi görüş zamanı E.Məmmədov yeni mövsüm ərəfəsində Peşəkar Futbol Liqasını və hakimləri təbrik edərək uğurlar arzulayıb, Premyer Liqa və ölkə kuboku uğrunda keçiriləcək oyunların keyfiyyəti baxımından məşqçilər və futbolçularla yanaşı, ədalət təmsilçilərinin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Ötən mövsüm qeydə alınan müəyyən səhvləri xatırladan icraçı vitse-prezident hakimlərə daha səylə hazırlaşmağı, daha diqqətli olmağı tövsiyə edib.
İcraçı vitse-prezident qeyd edib ki, Azərbaycan çempionatında fəaliyyət göstərən hakimlər məkanından və vaxtından asılı olmayaraq, hər hansı klub rəsmisi, nümayəndəsi və məşqçisi ilə görüşməməli, hətta təsadüfi və qısamüddətli xarakter daşıyan görüş olsa belə, dərhal bu barədə Hakimlər Komitəsinə məlumat verməlidir: “Burada məqsəd hakimlərə hər hansı məhdudiyyətin tətbiq olunması deyil, şəffaflığın təmin olunmasıdır”.

Hakimlik sahəsində daha bir vacib məsələnin həyata keçirilməsi istiqamətində işlər görüldüyünü bildirən E.Məmmədov bildirib ki, sentyabrın 1-dən etibarən “peşəkar hakim” sisteminin tətbiqi başlanılacaq: “Hakimlərin peşəkar statusu daşıması bu sahənin inkişafında çox önəmli addım olacaq və bununla bağlı hakimlərə və ictimaiyyətə yaxın gələcəkdə detallı məlumat veriləcək”.

VAR sisteminin tətbiqi ilə bağlı hakimlərin diqqətinə çatdırılıb ki, artıq tender məsələləri öz həllini tapıb və pandemiya ilə əlaqədar hər hansı ləngimə baş verməzsə, 2022-ci ilin fevral ayından etibarən Azərbaycan Premyer Liqasında VAR sistemindən istifadə oluna bilər: “VAR sisteminin tətbiqi oyunlarda ədalətli qərarların çıxarılması üçün texnoloji dəstəkdən yararlanmaqla yanaşı, hakimlərimizə müasir beynəlxalq standartlarla ayaqlaşmaq imkanı da yaradacaq”.

Elxan Məmmədov qeyd edib ki, Azərbaycanda VAR sisteminin tətbiqindən sonra FIFA-ya müraciət olunacaq və oyunları meydanda idarə edən hakimlə VAR arasında olan danışıqların ictimailəşdirilməsinə icazə verilməsi təklif olunacaq: “Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər”.

Çıxışının sonunda E.Məmmədov hakimlərə bir daha uğurlar arzulayıb, hər bir hakimin beynəlxalq arenaya çıxmağa can atmasının, qarşısına bu məqsədi qoymasının vacibliyini vurğulayıb: “Sevindirici haldır ki, hakimlərimiz istər klub, istərsə də milli komandalar səviyyəsində keçirilən beynəlxalq oyunlara təyinat almaqla yanaşı, digər ölkələrin milli çempionat və ölkə kuboku qarşılaşmalarına da dəvət olunur, onların idarəçiliyi barədə xoş sözlər deyilir”.