news-details
Xəbərlər

Bu gün Tokio paralimpiadasının açılış mərasimi keçirilib

Bu gün Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunları Yaponiya Milli Stadionunda start götürüb. 164 ölkənin 4400-dən çox idmançısının iştirak edəcəyi tədbirdə 22 idman növü üzrə 540 yarış keçiriləcək. Avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək oyunlarda pandemiya səbəbi ilə arakeşlər iştirak edə bilməyəcəklər. Yarışlarda ən çox idmançısı olan ölkə Yaponiyadır. "Gündoğar ölkə"ni 260 idmançı təmsil edəcək.

Bu, Tokionun yarışa ikinci ev sahibliyi olacaq. İlk dəfə sözügedən şəhərdə 1964-cü ildə Paralimpiya oyunları keçirilib.

Tokio-2020-də ilk dəfə proqrama badminton və para taekvondo idman növləri salınıb.

16-cı Yay Paralimpiya Oyunlarında ölkəmizi 35 idmançı təmsil edəcək və onlar 6 idman növü üzrə yarışacaqlar. Atletika idman növündə ölkəmizi 12 idmançı təmsil edəcək. Samir Nəbiyev, Elvin Astanov kürəkatma, Oloxan Musayev kürəkatma və diskatma, Həmid Heydəri və Orxan Qasımov nizə atma, Səid Nəcəfzadə, Kamil Əliyev və Orxan Aslanov uzunluğa tullanma, Yelena Çebuna 100, Elmir Cəbrayılov, Yuliya Yanovskaya və Lamiyə Vəliyeva 100 və 400 metr məsafələrə qaçışda yarışacaqlar.

Üzgüçülükdə ölkəmizi 3 idmançı təmsil edəcək. Roman Saleh 50 və 100 metr sərbəst, 100 metr batterflay və 100 metr məsafədə arxasıüstə üzmədə yarışacaq. Vəli İsrafilov 100 metr batterfay və 100 metr brass, Dana Şandibina isə 100 metr brass üsulu ilə üzmədə çıxış edəcək.

Paurleftinq yarışlarında Pərvin Məmmədov 49 kq, Nurlan Babacanov 97 kq, Elşən Hüseynov 107 kq və Şamo Aslanov 107 kq-dan ağır çəkidə çıxış edəcək.

Güllə atıcılığında Yelena Tarranova 10, 25 və 50, Kamran Zeynalov 10 və 50 metr məsafədə yarışacaq.

Cüdoda ölkəmizi 10 idmançı təmsil edəcək. Şəhanə Hacıyeva 48 kq, Bəsti Səfərova 52 kq, Sevda Vəliyeva 57 kq, Xanım Hüseynova 63 kq, Dürsədəf Kərimova 70 kq-dan ağır çəki dərəcəsində qadınlar arasında çıxış edəcək. Kişilərdə isə Vüqar Şirinli 60 kq, Namiq Abaslı 66 kq, Hüseyn Rəhimli 81 kq, Kənan Abdullaxanlı 100 kq, İlham Zəkiyev isə 100 kq-dan ağır çəkidə yarışacaq.

Taekvondoda isə qadınlarda Röyalə Fətəliyeva 49 kq, Aynur Məmmədova 58 kq-dan ağır çəkidə, kişilərdə isə İmaməddin Xəlilov 61 kq, Əbülfəz Abuzərli 75 kq-da yarışacaq.

Tokio-2020 paralimpiya oyunlarının açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Açılış mərasimində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov iştirak ediblər.

Paradda Paralimpiya çempionu, bayraqdar Oloxan Musayev ilə birgə 12 nəfər idmançı, nümayəndə heyətinin 7 nəfər üzvü olmaqla 19 nəfər iştirak edib.

Ölkəmizin heyəti parada yaxalarında Azərbaycanın milli mədəniyyət göstəricisi, 44 günlük müharibənin simvoluna çevrilmiş xarı bülbül ilə çıxıblar.

Azərbaycan Milli Paralimpiya komandası Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi 6 idman növündə 46 kateqoriyada rekord sayda 35 idmançı ilə təmsil edəcək. Yarışlara komandamızdan ilk olaraq pauerliftinq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov 26 avqust tarixində qoşulacaq.

Digər xəbərlər