Cümə axşamı 28.03.2024

Canni De Byazi: "İnanıram ki, qalib gələn tərəf biz olacağıq"

Canni De Byazi: "İnanıram ki, qalib gələn tərəf biz olacağıq"

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah “Stade de Luxemboug”da keçiriləcək Lüksemburq - Azərbaycan oyunöncəsi təşkil olunmuş mətbuat konfransında baş məşqçilər və komanda üzvləri fikirlərini bölüşüblər.

Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Sabah qrupda 3-cü oyunumuzu keçirəcəyik. Çox vacib qarşılaşmadır. İlk iki oyunumuz qrupun ən güclü komandalarına qarşı olub. Sabah meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq. Az müddətdə 3 vacib görüş keçirəcəyik. Əlimizdən gələni edəcəyik. Fikirləşirəm ki, yaxşı oyun nümayiş etdirəcəyik. Bir gündə hər şeyi dəyişmək olmaz. Yaxşı kollektivimiz var. Futbolçularıma inanıram. Komandamız getdikcə daha da inkişaf edir. Komanda meydanda xarakter göstərsə, qalib gələ bilərik. Rəqibin heyətində xeyli sayda legioner var. Gözəl meydançada oynayacağıq. İnanıram ki, qalib gələn tərəf biz olacağıq".

Şahruddin Məhəmmədəliyev: “Həm fiziki, həm də psixoloji olaraq yaxşı vəziyyətdəyik. Sabahkı oyunda uğurlu nəticə əldə etməyə çalışacağıq. Rəqibin də gücünü qiymətləndirmək lazımdır. Güclü heyətə malik komandadır. Bir neçə ildir birlikdə çıxış edirlər. Hücum xəttində Rodroqes, Sinani kimi güclü futbolçuları var. Oturuşmuş heyətə malikdirlər. Sanki milli komanda yox, klub futbolu nümayiş etdirirlər”.

Luk Holtz (Lüksemburq milli komandasının baş məşqçisi): “Azərbaycan millisi möhkəm komandadır. Hər iki komandanın qalib gəlmək şansı 50- faizdir. Təbii ki, 3 xal qazanmaq üçün meydana çıxacağıq. Rəqibin gücünü nəzərə almaqla bunu etmək asan olmayacaq. Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Çalışacağıq ki, ilk oyundan qalib ayrılaraq azarkeşlərimizi sevindirək. Rəqib seçmə mərhələdə Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə məğlub olub. Bu da onların mübariz komanda olmasından xəbər verir”.

Danel Sinani: “Azərbaycanla sonuncu oyunda penaltidən istifadə edə bilmədim. Amma sabahkı qarşılama üçün komanda olaraq oyuna tam hazırıq. Rəqibin mübariz, döyüşkəm komanda olmasına baxmayaraq, qalib gəlməyə çalışacağıq”.

Affa.az