news-details
Xəbərlər

Elxan Məmmədov: “İrəli getmək üçün birlikdə addımlamalıyıq”

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun affa.az-a müsahibəsi.

- Qısa müddət ərzində müxtəlif bölgələrə səfər etmisiniz. Aşağı yaş qruplarından ibarət müxtəlif komandaların üzvləri ilə görüşlər təşkil olunub. Bu səfərlər nə zaman planlaşdırıldı, məqsəd nə idi?
- Bəli, son bir neçə həftə ərzində müxtəlif bölgələrimizə səfər etmişik. Sözün açığı, bu səfərlər daha öncə planlaşdırılmışdı, lakin məlum səbəblərdən, pandemiya ilə əlaqədar ortaya çıxan məhdudiyyətləri nəzərə alaraq bölgələrə gedişimizi müəyyən müddətə təxirə salmalı olmuşduq. Daha sonra isə AVRO-2020-nin Bakıda keçirilən oyunlarının təşkilati işləri vaxt məhdudiyyətinə səbəb oldu. Əlbəttə, ölkəmizin qərbindən şimalına, cənubundan şimal-qərbinə səfər etmək çox xoş təəssüratlar oyatdı, birbaşa işimizin icrası ilə yanaşı, Azərbaycanın hər bölgəsinin özünəməxsus gözəlliyindən bir daha zövq aldıq. Təhsil müəssisələrində tədris mövsümünün başlamasını nəzərə alaraq, biz də uşaq və gənclər liqalarına dərhal start verdik. AFFA-nın saytı və sosial media platformaları vasitəsilə məlumat verdiyimiz kimi, liqalarda iştirak edən müxtəlif yaş qrupuna aid uşaqlara formalar, futbol ayaqqabıları, toplar təqdim olundu, lakin səfərlərimizin məqsədi, təbii ki, təkcə bu deyildi. Futbol mütəxəssisləri ilə birgə etdiyimiz səfərlər zamanı uşaqlarla futbol oynayaraq onlara sağlam həyat tərzini təşviq etmək, uşaqları pis vədişlərdən uzaq tutmaq istəyirdik. Bununla yanaşı, səfərlər bölgələrdəki futbol şəraiti ilə yerində tanış olmaq məqsədi daşıyırdı. AFFA son 10 ildə çoxsaylı infrastruktur layihələrinə sərmayə yatırıb. Bu prosesdə FIFA və UEFA da müəyyən maliyyə dəstəyi göstərib. Həyata keçirilən bütün bu işlər, infrastrukturun inkişaf etdirilməsi, futbolun kütləviliyi istiqamətində atılan addımlar möhtərəm Prezidentin hər zaman idmana və idmançılara qayğısı, sağlam həyat tərzinin təşviqi ilə bağlı yürütdüyü siyasət çərçivəsində gerçəkləşdirilib. Səfərlərimiz zamanı müxtəlif bölgələrdə mini meydançaların həm inşası, həm də mövcud olanların bərpası ilə bağlı qərarlar qəbul etdik.

- Səfər etdiyiniz bölgələrdə keçirdiyiniz görüşlər zamanı hansı nəticələr əldə olundu?
- Uşaqlarımızın futbolla məşğul olmaq imkanlarını artıqmaq üçün əlimizdən gələni edəcəyik, müvafiq şərait yaradacağıq. Yerli icra hakimiyyəti orqanlarına futbol infrastrukturunun və şəraitin yaxşılaşdırmasına köməklik göstərmələri üçün müraciət edəcəyik. Sevindirici haldır ki, səfərlər zamanı İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı İsmayıllını təmsil edəcək komandanın ilk dəfə “Region Liqası”nda iştirakına köməklik göstərəcəyini bildirdi. Bu, peşəkar futbola doğru ilk addımlardır. Cəlilabadda olarkən idman ictimaiyyəti region liqasında iştirakın təmin olunması üçün dəstəklə bağlı AFFA-ya müraciət etdi. Biz də öz dəstəyimizi əsirgəməyəcəyik. Lənkəranda “Xan Lənkəran” komandasının rəhbərliyi ilə görüşdük və onların da “Region Liqası”nda iştirakı təşəbbüsünü yüksək qiymətləndiririk. Bəlkə də bu, Lənkəranda böyük futbolun bərpasına aparıb çıxaracaq. AFFA-nın “GROW-2020 İnkişaf strategiyası”na uyğun olaraq – yeri gəlmişkən, affa.az-da həmin strategiya ilə tanış ola bilərsiniz – Premyer Liqada komandaların sayı 10-a çatdırılmalı idi, lakin pandemiya ilə əlaqədar bu məsələnin öz həllini tapması bir qədər yubandı. İlin sonuna qədər AFFA-nın yeni strategiyası ictimaiyyətə təqdim olunacaq və orada bütün bu məsələlər öz əksini tapıb.

- Sizinlə birlikdə Fərrux İsmayılov, Samir Əliyev və Vüqar Nadirov, həmçinin hazırda karyerasını davam etdirən Rahid Əmirquliyev və Kamran Ağayev uşaqlarla görüşlərdə iştirak etdilər, birgə futbol oynadılar. Futbolda ilk addımlarını atan uşaqların buna redaksiyası necə oldu?
- Əslində, peşəkar funksiyanı kənara qoysaq, bizim uşaqlarla, uşaqların isə milli komandanın sabiq oyunçuları ilə birgə futbol oynaması çox müsbət haldır, uşaqların yaddaşında hər zaman qalacaq inanılmaz hiss idi. Bunları nəzərə alaraq, bütün futbol ailəmizi – klubları, futbol federasiyalarını, AFFA-nın üzvlərini – belə səfərlər etməyə, sağlam həyat tərzini təbliğ etməyə çağırıram. Təbii ki, məşqçilərdən də bölgələrə gedərək uşaqları izləmələrini, müvafiq seleksiya işləri aparmalarını xahiş edirəm. Mən məşqçi deyiləm, amma millinin sabiq üzvlər ilə səfər zamanı danışarkən bəzi uşaqların futbol istedadlarına sözün yaxşı mənasında təəccübləndiklərini dedilər.

- Səfərlər bağlı fikirlərinizi ümumiləşdirsəniz, nələri demək istəyərdiniz?
- Biz dəfələrlə bunu demişik və yenə də deyəcəyik: Futbolun inkişafı üçün bəzi vacib və müsbət addımlar artıq atılıb. Təbii ki, problemlərimiz mövcuddur və futbol elə idman növüdür ki, problemlər hər zaman olacaq. Amma yenə də irəli getmək üçün birlikdə addımlamalıyıq. Bu isə təkcə AFFA-nın, klubların öhdəliyi deyil, həm də digər qurumların, iş adamlarının da sosial məsuliyyətidir.

Digər xəbərlər