Cümə axşamı 25.04.2024

Qurban Qurbanov: "Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq"

Qurban Qurbanov: "Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq"

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda doğma meydanda "Kayrat"la üz-üzə gələcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib. Təcrübəli çalışdırıcı qarşılaşmaya ciddi hazırlaşdıqlarını deyib:

"Oyundan-oyuna məsuliyyət daha da artır. Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər. Rəqibimizin "Bazel"lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu, bizi aldada bilər. İsveçrə komandasına qarşı yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm".

Qurban Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumu haqqında da danışıb: "Meydançanın vəziyyəti pis deyil. Amma ot tam formalaşmayıb, torpağa bərkiməyib. Bəzi yerlərdə problemlər var idi. Buna baxmayaraq ümimi gedişat mənim üçün yaxşıdır. Ot örtüyünü bu səviyyəyə gətirib çıxartmaq yaxşıdır. Lakin meydança tam hazır deyil. Bu oyundan sonra meydanı bərpa etmək üçün xeyli vaxt lazım olacaq. Bu gün məşqimizi burada keçirsəydik, meydan daha çox yüklənəcəkdi".

"Qarabağ"ın futbolçusu Abdullah Zubir də mətbuat konfransında fikirlərini bildirib: "Bizim üçün önəmli oyundur. Matça hazır olduğumuzu düşünürəm. Qrupa yaxşı başlamışıq. Evdə nəticə qazanmaq istəyirik. Rəqib yaxşı kollektivdir, amma istənilən halda doğma meydanda oynayırıq və yaxşı nəticəyə köklənmişik. Hər oyunda effektiv olmağa çalışıram. Sabah da belə olacaq. Çalışacağam ki, komandaya kömək edim. Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin".

Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq və "CBC Sport"la canlı yayımlanacaq.