Cümə 29.03.2024

Canni de Byazi: "Bəzi futbolçular zədə səbəbindən olmayacaqlar, ancaq bu, bəhanə deyil"

Canni de Byazi: "Bəzi futbolçular zədə səbəbindən olmayacaqlar, ancaq bu, bəhanə deyil"

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında baş məşqçi Canni De Byazi və komandanın üzvü Mahir Emreli fikirlərini bölüşüb:

Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): "Əvvəlcə Zəfər Gününüz mübarək olsun. Bayramınızı təbrik edirəm. Uşaqlar istəklidir. Göstərmək istəyirik ki, bizi udmaq asan deyil. Düşünürəm ki, bunu Portuqaliya və Serbiya ilə matçlarda da nümayiş etdirdik. Daha da inkişaf etməliyik. Seçmə mərhələdən əvvəl heç kim bizim qrupu ilk 2 sırada tamamlayacağımızı gözləmirdi. İlluziyalarla yaşamamlıyıq. Bizə vaxt lazımdır. Nəyisə 1 gündə dəyişmək olmaz. Bəzi futbolçular zədə səbəbindən olmayacaqlar, ancaq bu, bəhanə deyil. Lüksemburq millisi yaxşı komandadır, 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Gənc futbolçuları səviyyəli komandalarda oynayır. Bizdə isə cəmi 8 klub var, çoxu da legionerlərə üstünlük verir. Təqribən 40 futbolçu arasından seçim edirik. Əsasən gənclərə şans verməliyik. Həyatda heç nə bir gündə həll olunmur. Mert Çelikin problemi var. Onu bərpa etməyə çalışırıq ki, ehtiyat skayamız geniş olsun. Sabahkı oyunda heyətdə bəzi dəyişikliklər olacaq. Cəlal Hüseynov gənc oyunçudur. Çıxışını bəyənirəm. Qarşıdakı iki oyundan birində ona şans verməyi düşünürəm”.

Mahir Emreli: "Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Millidə qol vura bilməməyim məni narahat edir. Amma bu, mənim istəyimdən asılı deyil. İnanın ki, hamıdan çox özüm özümdən qol gözləyirəm. Ümid edirəm ki, sabah bu tilsimi qıracağam".

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.