Çərşənbə axşamı 19.03.2024

Lionel Messi 7-ci dəfə "Qızıl top" mükafatını qazandı

Lionel Messi 7-ci dəfə "Qızıl top" mükafatını qazandı

Bu gün “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının sahibi məlum olub. Mükafatın təqdimat mərasimi Fransanın paytaxtı Parisdə "Şatle" teatrında təşkil olunub.

“Qızıl top”u Argentina millisi və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi qazanıb. 34 yaşlı forvard karyerası ərzində 7-ci dəfə bu titula sahib çıxıb. O, daha öncə 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə bu mükafata layiq görülmüşdü.

"Bayern Münhen"in polşalı forvardı Robert Levandovski 2-ci, "Çelsi"nin italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub. "Mançester Yunayted"də çıxış edən Kriştianu Ronaldu isə 6-cı olub.

“France Football” nəşri digər nominasiyalar üzrə də qalibləri elan edib.

2021-ci ilin ən yaxşı gənc futbolçusu İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedri seçilib.

“Bayern”in futbolçusu Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib. 33 yaşlı forvard 2021-ci ildə vurduğu 53 qolla bütün rəqiblərini qabaqlayıb.

2021-ci ilin ən yaxşı qapıçısı üçün təsis olunmuş Lev Yaşin mükafatı İtaliya millisinin və Fransanın PSJ klubunun qolkiperi Canluici Donnarummaya qismət olub.

“Qızıl top”un təltifetmə mərasimində ən yaxşı qadın futbolçunun da adına aydınlıq gəlib. Bu mükafata İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Aleksiya Putelyas sahib çıxıb. 27 yaşlı oyunçu həmyerlisi və komanda yoldaşı Cennifer Hermosonu, həmçinin İngiltərənin "Çelsi" klubundan Samanta Kerri geridə qoyub.

"France Football" nəşrinin 2021-ci ilin ən yaxşı klubu üçün təsis etdiyi mükafatın da sahibi müəyyənləşib. İngiltərənin "Çelsi" klubu bu nominasiya üzrə qalib olub. Sözügedən mükafat ilk dəfə təqdim edilib.

Xatırladaq ki, “France Football” nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir futbolçuya verməmişdi. “Qızıl top”u sonuncu dəfə 2019-cu ildə məhz Lionel Messi qazanmışdı.