news-details
Xəbərlər

Elxan Məmmədov: "Klublar qadın futboluna diqqəti daha da artırmalıdır"

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.

Toplantıda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev, Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin müdiri Elgiz Abbasov, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.

AFFA-dan verilən xəbərə görə, Elxan Məmmədov çıxış edərək iclas iştirakçılarını salamlayıb, UEFA Avropa Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi münasibətilə “Qarabağ” klubunu bir daha təbrik edib, 1/16 final mərhələsi oyunlarında təmsilçimizə uğurlar arzulayb. İcraçı vitse-prezident klub nümayəndələrinin diqqətinə çatdırıb ki, qarşıdakı mövsümdən etibarən qadın futboluna diqqəti daha da artırmaq vacibdir, çünki UEFA bu sahəyə lisenziyalaşdırma prosesində mütləq meyarlardan biri kimi yanaşmağa başlayacaq. O, bildirib ki, uşaq futbolu, klubların nəzdindəki akademiyaların fəaliyyəti klublarımız üçün prioritet istiqamətlərdən biri olmalıdır. AFFA rəsmisi klubları sosial layihələrdə daha fəal olmağa, ildə bir neçə dəfə müxtəlif bölgələrdə futbolun təbliği və kütləviləşməsi məqsədi daşıyan layihə təkliflərini AFFA-ya təqdim etməyə səsləyib və qeyd edib ki, bu səpkili layihə təklifləri arasında ən maraqlıları seçiləcək və icrası AFFA tərəfindən maliyyələşdiriləcək.

Elxan Məmmədov 2022-ci ildə AFFA ilə “Misli” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanacağını, bu müqavilənin ümumilikdə Azərbaycan futbolu və təbii ki, klublarımız üçün maliyyə məsələləri baxımından faydalı olacağı barədə məlumat verib.

Klublar Komitəsinin iclası gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam edib.

Digər xəbərlər