Cümə 29.03.2024

Bu gün Bakıda Vüqar Həşimovun xatirə turniri start götürəcək

Bu gün Bakıda Vüqar Həşimovun xatirə turniri start götürəcək

Bu gün Bakıda mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq dərəcəli şahmat turnirinə start veriləcək.

"Fairmont Baku" otelində keçiriləcək və dekabrın 24-dək davam edəcək turnirdə 8 şahmatçı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli (hər üçü Azərbaycan), Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Riçard Rapport (Macarıstan), Vişvanatan Anand (Hindistan) və David Navara (Çexiya) mübarizə aparacaq.

Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Qalib hər iki turnirin yekun nəticəsinin cəminə əsasən məlum olacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə təşkil ediləcək.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olub.

Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir baş tutmayıb.