news-details
Xəbərlər

Şahmatın rapid və blits növləri üzrə dünya çempionatına start verildi

Polşanın paytaxtı Varşavada şahmatın rapid və blits növləri üzrə dünya çempionatına start verilib.

Yarışın birinci günündə qadın şahmatçılar rapid üzrə 4, kişilər isə 5 turda mübarizə aparıblar. Təmsilçilərimizdən ən yüksək nəticəni Zeynəb Məmmədyarova göstərib. Belə ki, 4 turda 3 xal toplayan şahmatçımız bu nəticə ilə 19-cü pillədə qərarlaşıb. Digər şahmatçılarımız Gövhər Beydullayeva 2, Türkan Məmmədyarova və Xanım Balacayeva 1,5, Gülnar Məmmədova isə 1 xal toplayıblar.

Kişilərin yarışında qrossmeysterimiz Şəhriyar Məmmədyarov 5 turda 3,5 xal topalyaraq 30-cu sırada qərarlaşıb. Onunla eyni xalı toplayan Vasif Durarbəyli 40-cı yerdədir. Məhəmməd Muradlı 3, Rauf Məmmədov 2,5, Vüqar Əsədli, Aydın Süleymanlı və Xəzər Babazadə hərəyə 2 xal toplayıblar.

Dekabrın 30-dək davam edəcək mundialın ilk 3 günündə rapid üzrə görüşlər keçiriləcək. Kişilər 13, qadınlar 11 turun nəticəsinə əsasən qalibi müəyyənləşdirəcək.

Qeyd edək ki, dünya çempionatının ümumi mükafat fondu 500 min Amerika Birləşmiş Ştatları dollarıdır. Kişilərin yarışında qalib 60 min, qadınların mübarizəsində ilk yeri tutan şahmatçı isə 40 min dollar qazanacaq.

Digər xəbərlər