Cümə 26.04.2024

Dubayda ilin ən yaxşıları müəyyənləşdi

Dubayda ilin ən yaxşıları müəyyənləşdi

Avropa Klubları Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyasının təsis etdiyi "Globe Soccer Awards" versiyası üzrə 2021-ci ilin ən yaxşılarının adına aydınlıq gəlib. Dubayda təşkil olunan mükafatlandırma mərasimində səsverməyə əsasən, PSJ-nin hücumçusu Kilian Mbappe ilin ən yaxşı futbolçusu seçilib. Onun komanda yoldaşı Canluici Donnarumma ilin ən yaxşı qapıçısı adına layiq görülüb. Digər nominasiyalara gəlincə, İtaliya millisi ilə Avropa çempionluğu yaşayan Roberto Mançini ilin ən yaxşı baş məşqçisi, "Yuventus"un futbolçusu Leonardo Bonuççi ilin ən yaxşı müdafiəçisi seçilib. İlin ən yaxşı hücumçusu üçün təsis olunan Maradona mükafatına "Bayern Münhen"nin oyunçusu Robert Levandovski layiq görülüb:

“10 nömrəni görürəm - Dieqo Armando Maradano... Bu ilin necə keçdiyini hamımız bilirik. Mükafatı qazanmaq mənim üçün çox önəmlidir. Hücumçuyam və hər zaman doğru zamanda doğru yerdə olmalıyam. Bu qədər qol vurmağıma görə komanda yoldaşlarım və baş məşqçimə borcluyam. Çünki onlarsız mən bunu bacara bilməzdim. Komanda halında yaxşı oynadıqca mənim qol vurmağım da asanlaşır. Buna görə də onlara minnətdaram”.

İtaliya ilin ən yaxşı milli komandası, UEFA Çempionlar Liqasını qazanmış "Çelsi" isə ilin ən yaxşı klubu olub. İlin ən yaxşı qadın futbolçusu Aleksiya Putelyas, ən yaxşı qadın komandası onun formasını geyindiyi “Barselona” seçilib. İtaliyalı futbol agenti Federiko Pastorello ilin ən yaxşı meneceri adına layiq görülüb. İlin ən yaxşı idman direktoru “Mançester Siti”nin rəsmisi Çiki Beqiristayn olub. Ronaldinyo isə uğurlu karyera mükafatına layiq görülüb.

Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu bütün zamanların ən yaxşı bombardiri seçilib. 36 yaşlı hücumçu bu il 46 qol vurub, həmçinin peşəkar karyerasında 800-cü dəfə fərqlənib. Ronaldu 2021-ci ildə qolların sayına görə yalnız Kərim Benzema, Kilian Mbappe, Erlinq Holand və Robert Levandovskidən geri qalıb.