Cümə 29.03.2024

Canni İnfantino: "Avropa çempionatı da iki ildən bir keçirilə bilər"

Canni İnfantino: "Avropa çempionatı da iki ildən bir keçirilə bilər"

FIFA prezidenti Canni İnfantino Avropa çempionatının iki ildən bir keçirilməsi variantı haqqında fikirlərini bölüşüb. Ali futbol qurumunun rəhbəri "Radio Anchio Sport"a açıqlamasında maraqlı fikirlər səsləndirib:

“Əvvəla, açıq şəkildə bildirmək istərdim ki, dünya çempionatının iki ildən bir təşkili fikri mənə aid deyil. Bunu FIFA Konqresi üzvlərinin 88%-i, o cümlədən belə bir islahatın mümkünlüyü ilə bağlı araşdırma aparmağa səs verən əksər Avropa ölkələri dəstəkləyib.

Biz çox ciddi araşdırma apardıq, bu da göstərdi ki, idman nöqteyi-nəzərindən dünya çempionatı iki ildən bir keçirilə bilər. Belə olan halda milli komandaların qarşılaşmaları daha az olacaq, amma biz daha çox emosiya yaradacaq oyunların şahidi olacağıq. Avropa çempionatı da iki ildən bir keçirilə bilər.

İtaliya dünya çempionatlarında çox oynayır və bu turnir idman baxımından ölkəyə çox güclü təsir göstərir. Amma bir çox ölkənin belə bəxti yoxdur, çünki turnirə cəmi 32 komanda çıxır.

100 il əvvəl qərara alınıb ki, dünya çempionatı dörd ildən bir keçirilsin. Onda futbol ancaq dünyanın 40 ölkəsində - Avropa və Cənubi Amerikada oynanılırdı. Bu gün 200-dən çox milli komandamız var. Bu vəziyyət nəzərə alınmalıdır".