Cümə 11.07.2025

Robert Levandovski ardıcıl 2-ci dəfə ilin ən yaxşı futbolçusu seçildi

Robert Levandovski ardıcıl 2-ci dəfə ilin ən yaxşı futbolçusu seçildi

İsveçrənin Sürix şəhərində FIFA “The Best” mükafatının təltif olunma mərasimi keçirilib.

2021-ci ilin ən yaxşı futbolçusu “Bayern Münhen” klubunun hücumçusu Robert Levandovski seçilib. Polşalı forvard ardıcıl ikinci dəfə “The Best” mükafatına layiq görülüb. O, səsvermədə PSJ-dən Lionel Messi və “Liverpul”dan Məhəmməd Salahı geridə qoyub.

2021-ci ilin ən yaxşı qadın futbolçusu isə “Barselona” klubunda çıxış edən Aleksiya Putelyas seçilib.

2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı da müəyyənləşib. Kişi qolkiperlərdən “The Best” mükafatına "Çelsi"dən Eduar Mendi layiq görülüb. O, səsvermədə Canluici Donnarumma və Manuel Noyeri qabaqlayıb. Qadınlardan isə Fransa təmsilçisi "Lion"un çilili qapıçısı Kristiana Endler ən yaxşı seçilib.

“Çelsi”nin çalışdırıcısı Tomas Tuhel ötən ilin ən yaxşı baş məşqçisi olub. Maraqlıdır ki, qadın futbolunda da “The Best” mükafatına “Çelsi”yə rəhbərlik edən Emma Heyz layiq görülüb.

2021-ci il üçün Puşkaş mükafatının qalibi “Tottenhem” klubunun sabiq futbolçusu Erik Lamela olub. Onun Premyer Liqada “Arsenal”a vurduğu qol ən yaxşı seçilib.

“Fair play” mükafatına AVRO-2020-də Danimarka millisinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən yığmanın tibbi və məşqçilər heyəti layiq görülüb. Danimarkalı və finlandiyalı tərəfdarlar isə ilin ən yaxşı azarkeşi mükafatına sahib çıxıblar.

"Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu FIFA-nın xüsusi mükafatını alıb. 37 yaşlı hücumçu yığmada vurduğu qolların sayına görə bu mükafata layiq görülüb. Qadın futbolunda isə Kanada millisinin sabiq hücumçusu Kristin Sinkler xüsusi mükafatını alıb.

FIFA 2021-ci ilin rəmzi komandalarını da açıqlayıb. Kişi futbolunda ən yaxşı 11 oyunçu bunlardır:

Qapıçı: Canluici Donnarumma (PSJ);

Müdafiəçilər: David Alaba ("Real"), Ruben Dias ("Mançester Siti"), Leonardo Bonuççi ("Yuventus");

Yarımmüdafiəçilər: Jorjinyo, Nqolo Kante (hər ikisi "Çelsi"), Kevin De Bruyne ("Mançester Siti");

Hücumçular: Kriştianu Ronaldu ("Mançester Yunayted"), Erlinq Holand ("Borussiya", Dortmund), Robert Levandovski ("Bayern"), Lionel Messi (PSJ).

Qadınlar arasında ötən ilin rəmzi komandasına isə bu futbolçular düşüb:

Qapıçı: Kristiana Endler (“Olimpik”, Lion);

Müdafiəçilər: Lüsi Bronz ("Mançester Siti”), Vendi Renar (“Olimpik”, Lion), Brayt Enobakhare ("Koventri Siti");

Yarımmüdafiəçilər: Estefaniya Banini ("Atletiko", Madrid), Karli Lloyd ("Skay Blyu"), Barbara Bonansea ("Yuventus")

Hücumçular: Vivianne Midyema ("Arsenal"), Marta, Aleks Morqan (hər ikisi "Orlando Prayd").