news-details
Xəbərlər

Şahmatçılarımız Avropa Çempionatında növbəti görüşlərini keçirdilər

Batumi şəhərində keçirilən şahmat üzrə Avropa Çempionatında 6-cı tur qrsossmeysterlərimiz üçün uğursuz keçib. Almaniya kollektivi ilə qarşılaşan kişilərdən ibarət yığma komandamız bu mərhələdə uduzub. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov, Arkadi Naydiç və Qədir Hüseynov rəqibləri ilə görüşdə xalları yarı böldüyü halda, Rauf Məmmədov məğlubiyyətlə üzləşib. Yekunda şahmatçılarımız qitə birinciliyində ikinci dəfə məğlub olublar.

Qadın zəka sahiblərimiz isə Rusiya komandası ilə heç-heçə ediblər. Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Günay Məmmədzadə və Türkan Məmmədyarova şimal qonşularımızla xalları yarı bölüblər.

Ötən turlarda qadınlardan ibarət komandamız 4 qələbə qazanıb, 1 dəfə məğlub olub. Kişi şahmatçılarımız isə 5 turun 3-nü qələbə, 1-ni heç-heçə ilə başa vurub, bir qarşılaşmada məğlub olublar. Altı turun yekununa görə, qadın yığmamız 9 xalla üçüncü pillədə qərarlaşıb. Kişi şahmatçılarımız 7 xalla onuncu yerdədirlər.

Qeyd edək ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Qadın zəka sahiblərimizin ən böyük uğuru isə 1992-ci ildə üçüncü yer olub.

Digər xəbərlər