news-details
Xəbərlər

Qarüstü polo üzrə dünya kubokunu Azərbaycan komandası qazandı

İsveçrənin Sankt-Morits şəhərində qarüstü polo üzrə 37-ci dünya kuboku başa çatıb.

Yanvarın 27-dən start götürən və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil edib.

Komandamızın ilk görüşdəki rəqibi ““Pier Jüe” komandası olub. Oyunda inamlı qələbə qazanmış komandamız 2019-cu ilin qalibi “Badrutts Pelas” ilə yarımfinal matçında əzmkarlıq nümayiş etdirərək rəqibini məğlub edib və turnirin final qarşılaşmasında “Klinik La Preri” ilə üz-üzə gəlib.

Yanvarın 30-da Bakı vaxtı ilə saat 17:30-da start götürmüş və "CBC Sport"la canlı yayımlanmış final oyununa rəqib komanda reqlamentə uyğun olaraq yarım xal fərqlə öndə başlayıb. Lakin buna baxmayaraq, "Land of Fire" komandası prinsipial oyunun bütün komponentlərində rəqibdən üstün olaraq 6-2.5 xal hesabı ilə qələbə qazanıb.

Beləliklə, Azərbaycan poloçuları tarixdə ilk dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi adını qazanıb.

Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev dövlətimizin rəhbərliyi adından komanda üzvlərini bu qələbə münasibətilə təbrik edib.

Sonda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim olunub.

Digər xəbərlər