Cümə 29.03.2024

Rüstəm Orucov koronavirusa yoluxduğu üçün Böyük Dəbilqədə iştirak etməyəcək

Rüstəm Orucov koronavirusa yoluxduğu üçün Böyük Dəbilqədə iştirak etməyəcək

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək. Yarışda 9 tatami ustamız qalib adı uğrunda mübarizə aparacaq. 60 kq-da Kəramət Hüseynov və Balabəy Ağayev, 66-da isə Yaşar Nəcəfov medallar uğrunda yarışacaq. 73 kq-da Hidayət Heydərov qüvvəsini sınayacaq.

90 kq-da Məmmədəli Mehtiyev və Rüfət İsmayılov, 100 kq-da Zelim Kotsoyevlə Elmar Qasımov döyüşəcək. Nəhayət, 100 kq-dan yuxarı çəki dərəcəsində Uşangi Kokauri qaliblər sırasında yer almağa çalışacaq.

Beynəlxalq Cüdo Federasiyasının müəyyən etdiyi protokola uyğun olaraq, heyət üzvlərinin hamısından səfər öncəsi PCR testi götürülüb. Turnirdə iştirakı planlaşdırılan idmançımız Elcan Hacıyevdə testin nəticəsi pozitiv çıxdığı üçün onun adı heyət üzvlərinin siyahısından çıxarılıb.

Qaydalara əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerdə daha bir dəfə test verməlidirlər. Dünən Təl-Əviv şəhərinə çatan Azərbaycan milli yığmasının üzvlərindən yenidən PCR testi götürülüb. Təəssüf ki, Bakıda PCR testi nəticəsi neqativ çıxan iki idmançımız, Rüstəm Orucov və Murad Fətiyevdə bu dəfə testin nəticəsi pozitiv çıxıb. Yarışdan kənar qalan cüdoçularımız İsrail Dövlətinin qaydalarına əsasən, 5 günlük karantinə alınıblar.

Fevralın 19-da yekunlaşacaq turnirin medal döyüşləri Bakı vaxtı ilə saat 19:00-da "CBC Sport"la canlı yayımlanacaq.