Çərşənbə 24.04.2024

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazandı

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazandı

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ikinci yarış günündə Azərbaycanın bir təmsilçisi tatami üzərinə çıxıb.

73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov 1/8 final mərhələsindən mübarizəyə başlayıb. O, yerli idmançı Oron Giner ilə görüşüb və qələbə qazanıb.

Cüdoçumuz 1/4 finalda almaniyalı İqor Vandtkeyə, yarımfinalda isə israilli Tohar Butbula qalib gələrək həlledici döyüşə vəsiqə qazanıb. Heydərov finalda Özbəkistan idmançısı Obidkhon Nomonovla üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Hidayət karyerasında ikinci dəfə Böyük Dəbilqə seriyalı turnirdə qızıl medal sevinci yaşayıb.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə 66 kq-da yarışan Yaşar Nəcəfov gümüş medal qazanıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub.

Sabah yekun vurulacaq yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.