news-details
Xəbərlər

Elxan Məmmədov: “Ədalətli oyun nümunəsinin şahidi olduq”

UEFA Avropa Konfrans Liqası çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş “Qarabağ” – “Marsel” (0:3) oyununun gedişində qeydə alınmış maraqlı və özündə "fair-play" nümunəsi ehtiva edən epizodla bağlı AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov affa.az-a açıqlama verib:

"Qarabağ" UEFA Avropa Konfrans Liqasında çıxışını başa vursa da, təmsilçimizi təbrik etmək olar. Təkcə ona görə yox ki, "Qarabağ" qrup mərhələsini uğurla keçdi və pley-off-da kifayət qədər güclü rəqibə qarşı çox gözəl oyun nümayiş etdirdi. Həm də ona görə ki, Ağdam klubu turnirdəki son oyununda gözəl bir "fair-play" nümunəsi göstərdi. İbrahima Vacinin əl ilə toxuşundan sonra qapıdan keçən topu baş hakim qol kimi qeydə alsa da, Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirdi. Hakim qərarını dəyişdi və qol qərarını ləğv etdi. Doğrudur, qol sevincimiz uzun çəkmədi, lakin etiraf etməliyik ki, futbol meydanlarında çox nadir hallarda rast gəldiyimiz bir ədalətli oyun nümunəsinin şahidi olduq. Qurban müəllimin və “Qarabağ”ın futbolçularının bu addımı sözün əsl mənasında təqdirəlayiqdir. Rəhbərlik etdiyim UEFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin növbəti iclasında bu məsələnin gündəliyə daxil olunmasına və komitədəki həmkarlarımla birgə müzakirə edərək ədalətli oyun hadisəsi kimi Avropa futbol ailəsinin diqqətinə çatdırılmasına çalışacağıq".

Digər xəbərlər