news-details
Xəbərlər

FIDE Qran-prisi: Şəhriyar Məmmədyarovdan ardıcıl 3-cü heç-heçə

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.

Qrossmeysterimiz D qrupundakı üçüncü qarşılaşmasında rusiyalı Aleksandr Predke ilə üz-üzə gəlib. Bu dəfə ağ fiqurlarla oynayan Məmmədyarov 55-ci gedişdə heç-heçəyə razılaşıb. Qrupun digər görüşündə fransalı Maksim Vaşye-Laqrav çinli Yu Yanyi ilə qarşılaşıb. Həmin oyunda da qalib müəyyənləşməyib.

Məmmədyarov ilk turda Yanyi ilə, ardınca isə Vaşye-Laqravla heç-heçə oynayıb. Qrupdakı hər şahmatçının aktivində 1,5 xal var.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.

Digər xəbərlər