Cümə 29.03.2024

Cüdo yığmamız Avropa Kubokunda 4 medal qazandı

Cüdo yığmamız Avropa Kubokunda 4 medal qazandı

Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası 4 medal qazanıb.

Qızıl medallara Məhərrəm İmamverdiyev (81 kq) və Kənan Nəsibov (+100 kq) yiyələnib. İmamverdiyev finalda ukraynalı Stanislav Korçemlyuku, Nəsibov isə həmyerlisi Hüseyn Məmmədovu məğlub edib. Daha bir gümüş medala Ruslan Nəsirli (100 kq) sahib çıxıb.

Digər cüdoçulardan Qasım Vəlizadə (66 kq), Vüqar Talıbov (90 kq), Könül Əliyeva (48 kq) və Nərmin Əmirli (78 kq) 5-ci, Sabir İsayev (100 kq) 7-ci yeri tutub.

Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında İsrail (4 qızıl, 1 gümüş, 4 bürünc) və Türkiyədən (2 qızıl, 3 gümüş, 3 bürünc) sonra üçüncü yeri tutub.

Avropa Kubokunda 27 ölkədən ümumilikdə 300 (188 oğlan, 112 qız) cüdoçu mübarizə aparıb.