Şənbə 20.04.2024

Nikola Yurçeviç: "Məni sabahkı oyunla bağlı ümidli edən son 4 oyunun analizləridir"

Nikola Yurçeviç: "Məni sabahkı oyunla bağlı ümidli edən son 4 oyunun analizləridir"

AVRO-2020-nin seçmə mərhələsində noyabrın 16-da, saat 21:00-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu ərəfəsində millimizin baş məşqçisi Nikola Yurçeviç və komandanın üzvü Şəhriyar Rəhimovun iştirakı ilə bu gün mətbuat konfransı təşkil olunub:

Nikola Yurçeviç: “Beş gündür təlim-məşq toplanışındayıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Macarıstanla oyundan əvvəl olduğu kimi, yenə də zədə və başqa səbəblərdən bizə kömək edə bilməcək futbolçularımz var. Eddi İsrafilov komandaya qoşula bilmədi, Mahir Emreli və Rüfət Dadaşov isə zədəli olduğu üçün oyunda iştirak etməyəcək. Maksim Medvedevin də zədəsi var və meydana çıxmamaq ehtimalı az deyil.

Son oyunlarda rəqiblərimizə qarşı yaxşı mübarizə aparmışıq, ancaq qarşılaşmanın başa çatmasına təxminən 5 dəqiqə qalmış məğlub olmuşuq. Həmin oyunlarda bəxtimiz də gətirməyib. Uelslə oyundan əvvəl optimist olmalıyıq ki, qarşıdakı oyunlarda nəticələrimiz yaxşı olsun.

Əlbəttə, zədəli futbolçularımız mütəmadi olaraq əsas heyətdə meydana çıxanlardır və onları əvəz etmək asan deyil. Ümid edirik ki, həmin oyunçuların əvəzinə meydana çıxacaq futbolçular tapşırıqların öhdəsindən layiqincə gələcəklər.

Məni sabahkı oyunla bağlı ümidli edən son 4 oyunun analizləridir. Uelslə görüşün sonuna yaxın qol buraxdıq, məğlub olduq. Xorvatiya ilə matçdan xalla ayrıldıq. Bəhreyinlə isti hava şəraitində oynamağımıza baxmayaraq, qələbə qazandıq. Macarıstanla oyunun son 15-20 dəqiqəsində yaxşı çıxış etdik, hətta qol vurduq, amma hakim bunu qeydə almadı və 1 xalımızı “oğurladı”.

Heyəti açıqlamamaqla hansısa sirri qorumuruq. Sadəcə, bəzi futbolçular var ki, onların oynayıb-oynamayacağını son məşqdən sonra biləcəyik. Oyunöncəsi məşq isə mətbuat konfransından sonra başlayacaq”.

Şəhriyar Rəhimov: “Oyun çətin keçəcək. Bu seçmə mərhələ çərçivəsində doğma meydanımızda son görüşümüzə çıxacağıq. Azarkeşlərimizi sevindirmək, ölkəmizi layiqincə təmsil etmək üçün qələbə qazanmağa çalışacağıq”.