Cümə 26.04.2024

Nikola Yurçeviç: "Bu matçın nəticəsi rəqib üçün daha vacibdir"

Nikola Yurçeviç: "Bu matçın nəticəsi rəqib üçün daha vacibdir"

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Slovakiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bildirib. Təcrübəli mütəxəssis yaxşı nəticə üçün güclərini meydanda qoyacaqlarını bildirib:

"Sabah qrupda son oyunumuzu keçirəcəyik. Bu matçın nəticəsi rəqib üçün daha vacibdir. Çünki qələbə qazanaraq, digər görüşün heç-heçə yekunlaşmasını gözləyəcəklər. Amma biz də uğur qazanmağa çalışacağıq. Komandada motivasiya var. Milli komanda olaraq şərəf üçün oynayacağıq. Cəmi bir xalımız var. Yalnız bir oyunda xal qazanmaq şansımız olmayıb. Rəqibə 1:5 hesabı ilə uduzmuşuq. Yaxşı nəticə üçün gücümüzü meydanda qoyacağıq. Slovakiya güclü rəqibdir. Onlar müasir futbol sərgiləyirlər. İnanırıq ki, yaxşı nəticə qazana bilərik.

Heyətdə dəyişiklik olacağı istisna deyil. Bəzi problemlərimiz var. Mahir və Maksimin olmayacağı bəlli idi. Paşayev, Nazarov və Almeydanın da oynaması şübhə altındadır. Bu məşqdən sonra və sabah oyuna qədər hər şey bəlli olacaq. Uelslə gərgin oyundan sonra qeyri müəyyənliklər ortaya çıxır.

Oyunçularımız daha sərbəst oynayacaqlar. Yalnız matçın sonunda biləcəyik ki, vəziyyətin belə olması komandaya nə dərəcədə təsir edib. Rəsmi olaraq iki oyundur ki, qol vura bilmirik. Amma Macarıstanla görüşdə hamı gördü ki, təmiz qolumuzu saymadılar. Hazırda hücumçu mövqeyində problemlər var. Ramil Şeydayev, Renat Dadaşov, Mirabdulla Abbasov klublarında müntəzəm oynamırlar. Amma onların qol vurmaq şansları var. Renat çox vacib oyunçudur. Onun imkanları var. Seçmə mərhələnin son matçıdır. Mənim isə müqaviləm fevrala qədərdir. Gələcəklə bağlı nəsə deyə bilmərəm".

Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq və "CBC Sport"la canlı yayımlanacaq.