Cümə 19.04.2024

AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aparılmış müzakirələrdən sonra nəzərdə tutulan məsələlərlə bağlı qərarlar verilib.

Həmin qərarlar aşağıdakı kimidi.

1. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmmədlə müqaviləyə xitam verilsin. Komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın Məşqçilər Komitəsinə və Texniki departamentə həvalə olunsun.

2. Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçlə müqavilə dayandırılsın. Qarşılıqlı razılıq əsasında AFFA yığmaya yeni baş məşqçi axtarışına başlamaq, Nikola Yurçeviç isə yeni iş yeri axtarışına başlamaq hüququna malikdi.

3. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklər qəbul olunsun.

4. AFFA-nın Fair Play mükafatı təsis olunsun və Əsasnaməsinin hazırlanması Baş katibliyə həvalə olunsun.

5. “Azərbaycan Futbolunun Etik Kodeksi"nin hazırlanması Baş katibliyə həvalə olunsun.

6. 2020-ci il yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransı çağırılsın.

6.1. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq AFFA-nın növbədənkənar Konfransına təqdim olunsun.

7. “Qəbələ” klubunun sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanəti aktivləşdirilsin və məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılsın.

8. AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq aşağıda adı göstərilmiş şəxslərə müvafiq təqaüd verilsin: Elbrus Abbasov, Rafiq Əlizadə, Səmədağa Şıxlarov, Novil İsmayılov, Vahid Abbasov, Çingiz Haşımov, Əbdülqəni Nurməmmədov, Tahir Əmiraslanov, Şakir Qəribov, Oqtay Abdullayev. Səməd Qurbanov – xüsusi təqaüd, İsgəndər Cavadov – xüsusi təqaüd

İclasda “Elit Məşq” kitabı, Gəncə şəhər stadionunun ərazisində inşa olunmuş süni örtklü yeni məşq meydanı barədə və AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat verilib, Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə əlaqədar hesabat təqdim olunub.

Nəticəsi şübhə doğuran, “danışılmış” oyunlarla bağlı xüsusi komissiyanın hazırladığı hesabat İcraiyyə Komitəsinə təqdim olunub və hesabata əsasən, İcraiyyə Komitəsi bu gün müvafiq qərarların qəbul olunması üçün İntizam Komitəsinə müraciət edib.