• Çərşənbə axşamı, 21 Yanvar 2020
news-details
Xəbərlər

Voleybol millimiz bu gün mübarizəyə başlayır

Qadın voleybolçularımızın Niderland sınağı bu il Tokioda təşkil olunacaq 32-ci Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün sonuncu şansımızdır. A qrupunda ev sahibi “narıncılar”la yanaşı, Bolqarıstan və Polşa seçməsi də rəqibimizdir.

Niderlandlılarla bu gecə saat 22:30-da Apeldorn şəhərində üz-üzə gələcəyik. Son vaxtlar millimiz üçün arzuolunmaz rəqib statusu qazanan ev sahibləri ilə görüş çox çətin olacaq. Niderland komandası kvartetin aşkar favoritidir. Sonuncu dəfə 2017-ci iyunun 3-də dünya çempionatının seçmə mərhələsində onlara 3-0 qalib gələ bilmişik. Lakin ondan sonrakı 2 qarşılaşmada üzümüz gülməyib. Elə həmin il Bakıda təşkil edilmiş Avropa çempionatının yarımfinalında niderlandlılara tay-breykdə məğlub olmuşuq. Ötənilki qitə yarışında isə hər 3 seti “narıncılar” üstün olublar. Budəfəki oyunda isə bəzi yeniliklər diqqət çəkir. Əvvəla millimizin yeni baş məşqçisi ilk rəsmi görüşünə çıxacaq. Söhbət yerli mütəxəssis Vasif Talıbovdan gedir. 47 yaşlı çalışdırıcı gəncləşən heyəti bir qədər də gəncləşdirib. Komandamızın eks-kapitanı və hazırda İndoneziyada karyerasını davam etdirən Odina Əliyeva milliyə çağırılmayıb. Kapitan sarğısı isə 27 yaşlı blokçu Ayşən Abdüləzimovaya həvalə olunub. Gənc toppaylayıcı Yana Əzimova isə zədə ucbatından Nidelanda yollana bilməyib. Millidə daha bir gənc var. Azərbaycan voleybolunun yetirməsi, amma əslən gürcüstanlı olan Nelli Salbişvili “zanbaqlar diyarı”ndadır. Beləliklə, Talıbovun ilk sınağı ciddi yarışda güclü rəqibə qarşı olacaq. Baş məşqçi Polina Rəhimova, Ayşən Abduləzimova, Yelizaveta Səmədova kimi təcrübəli oyunçuların xidmətindən yararlanacaq. Mütəxəsislər isə bu dueldə aşkar favorit “narıncılar”ı hesab edirlər. Lakin inanırıq ki, voleybolçularımız xarakter nümayiş etdirəcək, bəlkə də ən azı 1 xal qazanacaq. Amma bir həqiqət var ki, millimiz ev sahibləri ilə oyunda mütləq “vuruşmalıdır”. Çünki yaxşı oyun növbəti qarşılaşmalar üçün ümidləri artıracaq, stimul rolunu oynayacaq.

A qrupunda ikinci oyunumuzu yanvarın 9-u saat 19-da Bolqarıstan kollektivinə qarşı keçirəcəyik. Onlarla qarşılaşmalarda zamanla fərqli nəticələr əldə etmişik. Sonuncu dəfə yolumuz ötənilki Avropa çempionatının pley-offunda kəsişib. İlk 2 setdə 25-12 və 25-16 hesablı üstünlük əldə edən bolqarlar 3-cü hissəni qalib bitiriblər. Bir sözlə, Bolqarıstan kollektivi ilə xatirələrimiz xoş deyil.

Təsnifatın sonuncu rəqibi isə Polşa voleybolçuları olacaq. Əvvəlki komandalar müqayisədə polyaklarla statistika ürəkaçandır. Millimiz son 2 görüşdə 3-0 hesabilə qalib gəlib. Bunlardan biri Bakıda keçirilən 1-ci Avropa Oyunlarına təsadüf edib. Qrupda onları üstələyib ikinci yeri tutsaq da, ümumi yarışda polşalılar daha uğurlu oldular. Biz Bürünc medalları serblərə hədiyyə etdik, polyaklar isə finalda Türkiyəyə uduzmaqla gümüş medallara yiyələndilər.

Sonuncu görüş də Bakıda olub. Ölkəmizin ev sahibliyi etdiyi qitə çempionatında Polşa seçməsinə 3-0 qalib gəlmişdik. Görünən odur ki, statistika baxımından üstün olduğumuz yeganə rəqib polşalılardır. Lakin vacib olan nüans odur ki, onlarla yanvarın 10-u saat 23-də, məhz 3-cü turda üz-üzə gələcəyik. Ona kimi isə qrupda vəziyyətimizi yaxşılaşdırmalıyıq ki, Polşalılarda 3-0-lıq uğur seriyasının davamında pley-off-a adlaya bilək. Bütün oyunlar “CBC Sport”la canlı yayımlanacaq.

ÜRFAN MƏMMƏDLİ

Digər xəbərlər