Cümə 26.04.2024

Voleybol millimiz bu gün Bolqarıstanla qarşılaşacaq

Voleybol millimiz bu gün Bolqarıstanla qarşılaşacaq

Qadın voleybolçulardan ibarət milli komandamız Tokioda təşkil olunacaq 32-ci Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq uğrunda bu gün ikinci oyununu keçirəcək. Rəqib isə millimizin yer aldığı A qrupunda hər iki matçda məğlub olan Bolqarıstan yığmasıdır. Bolqarlar ilk matçda Polşaya 1-3, ikinci oyunda isə meydan sahibi Niderland yığmasına 0-3 hesabı ilə uduzub. Millimizin də ilk oyunu uğursuz alınıb.

Komandamız “narıncılar”a 3 setin yekununda məğlub olub. Bolqarıstanla duellərə gəlincə, 2011-ci ildən bu yana kollektivlər arasında 12 oyun keçirilib. Bu qarşılaşmalarda 4 qələbə qazansaq da, 8 dəfə məğlubiyyətə üzülmüşük. Sonuncu dəfə isə yolumuz ötənilki Avropa çempionatının pley-offunda kəsişib. İlk 2 setdə 25-12 və 25-16 hesablı üstünlük əldə edən bolqarlar 3-cü hissəni qalib bitiriblər. Bir sözlə, Bolqarıstan kollektivi ilə duellərdə də üstünlüyümüz yoxdur.

Bu oyun qrupdan çıxmaq baxımından həlledici sayıla bilər. Qələbə şanslarımızı artıracağı təqdirdə məğlubiyyət bütün ümidlərin üstündən xətt çəkəcək. Millimizin oyunu saat 19:00-da start götürəcək və CBC Sport-la canlı yayımlanacaq.

Qrupun digər qarşılaşmasında isə Niderland Polşanı sınağa çəkəcək. Görüş saat 22-30-da start götürəcək.