Cümə 29.03.2024

Marko Deviç yenidən “Sabah”da

Marko Deviç yenidən “Sabah”da

“Sabah” heyətini yeni hücumçuyla gücləndirib. Təcrübəli futbolçu Marko Deviç mövsümün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. Marko bu komandanın Premyer Liqada ilk qolunun müəllifidi. O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.

Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Hücumçunun son komandası “Vozdovats” olub.

Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.