Çərşənbə axşamı 19.03.2024

"Qarabağ" dünya reytinqində "Qalatasaray" və "Borussiya"nı geridə qoydu

"Qarabağ" dünya reytinqində "Qalatasaray" və "Borussiya"nı geridə qoydu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən, dünyanın ən yaxşı futbol klublarının siyahısını açıqlayıb.

400 komandanın yer aldığı siyahıda Azərbaycan iki klubla təmsil olunub. Son ölkə çempionu "Qarabağ" 144 xalla dünyanın 80-ci komandasıdır. Ötən il 137-ci olan Qurban Qurbanovun yetirmələri 57 pillə irəliləyib.

Ağdam klubu Türkiyə çempionu “Qalatasaray”ı, eləcə də “Vilyarreal” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Bazel” (İsveçrə), “Feyenoord” (Niderland), “Torino” (İtaliya), “Partizan” (Serbiya), “Zenit” (Rusiya) kimi tanınmış klubları arxada qoyub.

“Neftçi” isə 90 xalla 217-ci yerə şərikdir. “Ağ-qaralar” “Real-Sosyedad” (İspaniya), “Kukuta” (Kolumbiya), “Daequ” (Cənubi Koreya) və “Hayduk” (Xorvatiya) komandaları ilə eyni göstəriciyə malikdir. Ötən il 459-cu olan “Neftçi” 242 pillə irəliləyib.

Dünyanın ən yaxşı klubu isə İngiltərə təmsilçisi “Liverpul”dur. Çempionlar Liqasının qalibi olan Yurgen Kloppun komandasının 316 xalı var. “Barselona” (İspaniya) 293 xalla 2-ci, “Mançester Siti” (İngiltərə) 284 xalla 3-cüdür.