news-details
Xəbərlər

AÇ-2020-yə həsr edilmiş “İntellektual Kubok” təşkil olunacaq

Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcək 3 qrup oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır.

Bunların sırasına Avro-2020-yə həsr olunmuş “İntellektual Kubok” da daxildir. Turnirə qatılacaq iştirakçılar Avropa çempionatının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar, tanınmış futbolçular, eləcə də ev sahibi şəhərlər ilə bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. “İntellektual Kubok”da 40 komandanın iştirakı nəzərdə tutulur.

Hər komandanın heyətində minimum 4, maksimum 6 oyunçu mübarizə apara bilər.

Qeyd edək ki, turnir “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında keçiriləcək. Oyun zamanı iştirakçılar əvvəlcədən müəyyənləşdirilmiş vaxt çərçivəsində sualları düzgün cavablandırmağa çalışacaqlar. İntellektual yarışın aparıcısı isə tanınmış televiziya və radio aparıcısı – Fatehdir.

Hər kəs bu gündən etibarən euro2020.affa.az/az/intellectualcup linkinə keçid edərək qeydiyyat formasını doldura və komanda şəklində yarışda iştirak edə bilər. “İntellektual Kubok”da iştirak ödənişsizdir.

Son qeydiyyat tarixi: 12 Fevral, saat 23:59.

Tədbirin sonunda ilk 3 yerin sahibinə müvafiq olaraq kubok və medallar təqdim olunacaq. Eyni zamanda, hər 3 komandaya Bakıda keçiriləcək Avro-2020 oyunlarından birinə biletlər hədiyyə ediləcək. Bundan əlavə, I yerə 1200 AZN, ikinci yerə 900 AZN, üçüncü yerə isə 600 AZN dəyərində pul mükafatı veriləcək.

“İntellektual Kubok” fevralın 16-də, saat 11:00-da “Bulvar Hotel”də keçiriləcək. Qeyd edək ki, tədbir Azərbaycan dilində olacaq.

Digər xəbərlər