Çərşənbə axşamı 23.04.2024

Taekvondoçularımız "Turkish Open"dən 6 medalla qayıdır

Taekvondoçularımız "Turkish Open"dən 6 medalla qayıdır

Türkiyənin İstanbul şəhərində təşkil olunan "Turkish Open" G1 kaetoqriyalı turnir başa çatıb. Yarışda ölkəmiz 6 taekvandoçu ilə təmsil olunub.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə yarışa qatılan komandamız ilin ilk açıq çempionatında üç qızıl medal qazanıb.

Kişilərdən 68 kq çəki dərəcəsində Cavad Ağayevlə 80 kiloqramda Milad Beigi Hərçəqani, qadınlardan 67 kq-da Fəridə Əzizova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər təmsilçilərimizdən 80 kiloqramda Məhəmməd Məmmədov, 87-də Payam Qobadi Oğaz və Radik İsayev isə qızılın bir addımlığında birincilik şanslarını əldən veriblər. Nəticədə idmançılarımız turniri 3 qızıl, 3 bürünc medalla tamamlayıblar.

Çempionatda həmçinin, beynəlxalq dərəcəli hakimlərimiz Ramal Camalov, Elşad Məmmədov, Coşqun Nadirov və Aygül Abdullayeva da iştirak ediblər.