Cümə 29.03.2024

Güləşçimiz Avropa çempionatının finalında

Güləşçimiz Avropa çempionatının finalında

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib. İlk yarış günündə 5 çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.

55 kq-da mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli Ermənistan idmançısını çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Bolqarıstan güləşçisi ilə qarşılaşan Əzizli ilk hissəni 5:0 öndə tamamlasa da, yekunda məğlubiyyətdən xilas ola bilməyib.

63 kq-da Taleh Məmmədov ilk görüşdə Rusiya güləşçisi ilə bacarmayıb. Ancaq rəqib finala yüksəldiyi üçün Məmmədov ikinci yarış günündə təsəlliverici görüşə çıxmaq hüququ qazanıb.

77-də yarışan Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Daha sonra İtaliya idmançısına şans tanımayan güləşçi 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısı ilə görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Süleymanov son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Yarımfinalda təcrübəli Ermənistan güləşçisi ilə prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə çempionatının finalına vəsiqə qazanıb.

87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov ilk mərhələdə yanvarda Fransa Qran-prisində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə Abbasov belaruslu rəqibindən revanş alıb. O, 1/8 finalda polşalı həmkarından güclü olub. Abbasov 1/4 finalda Bolqarıstan təmsilçisini "tuşe" ilə üstələyərək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında son dünya çempionatının gümüş medalçısı olmuş macarıstanlı həmkarına yenildiyindən ikinci yarış günündə bürünc medal üçün güləşəcək.

130 kq-da Sabah Şəriəti startda Ermənistan təmsilçisi ilə üz-üzə gəlib. Prinsipial qarşılaşmadan yığma üzvü qalib ayrılıb. Ancaq 1/4 finalda o, rumıniyalı rəqibinə uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün Şəriəti təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları bu gün keçiriləcək.

55 kq
1/4 final: Eldəniz Əzizli - Rudik Mkrtaçyan (ARM) 7:1
1/2 final: Eldəniz Əzizli - Edmond Armen Nazaryan (BUL) 5:7
Bürünc medal görüşü: Eldəniz Əzizli - Snorre Harsem Lund (NOR) / Covanni Freni (İTA)

63 kq
1/8 final: Taleh Məmmədov - İbrahim Labazanov (RUS) 0:8
Təsəlliverici görüş: Taleh Məmmədov - Erik Torba (HUN)

77 kq
Təsnifat: Sənan Süleymanov - Aik Mnatsakanyan (BUL) 5:3
1/8 final: Sənan Süleymanov - Matteo Maffezzoli (İTA) 7:0
1/4 final: Sənan Süleymanov - Georgios Prevolarakis (GRE) 6:4 (tuşe)
1/2 final: Sənan Süleymanov - Karapet Çalyan (ARM) 3:0
FİNAL: Sənan Süleymanov - Zotlan Levay (HUN)

87 kq
Təsnifat: İslam Abbasov - Kiril Maskeviç (BLR) 3:2
1/8 final: İslam Abbasov - Arkadiuş Kuliniç (POL) 3:1
1/4 final: İslam Abbasov - Tarek Mohammed Abdelsalam (BUL) 4:3 (tuşe)
1/2 final: İslam Abbasov - Viktor Lorints (HUN) 1:6
Bürünc medal görüşü: İslam Abbasov - Mirko Minqutsi (İTA) / Eyvidas Stankeviçyus (LTU)

130 kq
1/8 final: Sabah Şəriəti - David Ovasapyan (ARM) 3:0
1/4 final: Sabah Şəriəti - Alin Aleksuk Kiurariu (ROU) 2:3
Təsəlliverici görüş: Sabah Şəriəti - Zurabi Gedexauri (RUS)