Cümə 19.04.2024

Messi və Hemilton ilin ən yaxşıları seçildilər

Messi və Hemilton ilin ən yaxşıları seçildilər

Nüfuzlu “Laureus World Sports Academy” mükafatının 2019-cu il üçün qalibləri açıqlanıb. Bunlar “Barselona”nın ulduz futbolçu Lionel Messi və "Formula 1" üzrə 6 qat dünya çempionu Lyuis Hemilton olub. İlk dəfə bu mükafat iki nəfər arasında bölüşdürülüb. Səbəb isə onların hər ikisinin eyni səs toplaması olub.

Mükafatlandırma mərasimi Almaniyanın paytaxtı Berlində keçirilib. Hemilton özü tədbirə qatılsa da, Messi videomüraciətlə təşəkkürlərini çatdırıb. Mükafata Messi və Hemiltondan başqa tennisçi Rafael Nadal, qolfçu Tayqer Vuds, marafon qaçışı üzrə Olimpiya çempionu Eliud Kipçoqe namizəd olublar.

Messi ötən mövsüm “Barselona” ilə İspaniya çempionu, 12 qolla Çempionlar Liqasının ən yaxşı bombardiri olub. Klub səviyyəsində 51 qol vurmaqla "Qızıl buts"a layiq görülüb. Bundan başqa, argentinalı superulduz 2019-cu ildə "Qızıl top" mükafatına da yiyələnib. Hemilton isə karyerasında 6-cı dəfə və ardıcıl 5 dəfə "Formula-1" avtomobil yarışları üzrə dünya çempionu olub.

İlin ən yaxşı qadın idmançısı isə amerikalı gimnast Simona Baylz seçilib. O, ötən il Ştutqartda keçirilən dünya çempionatında beş qızıl medal qazanıb. 21 il “Dallas Maveriks”in şərəfini qorumuş almaniyalı basketbolçu Dirk Novitski da xüsusi mükafatla təltif olunub.

İlin ən yaxşı komandası Cənubi Afrikanın reqbi kollektivi seçilib.

"Laureus" mükafatı 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib.